...

Gəncədə ümummilli lider Heydər Əliyevinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 7 May 2013 20:01 (UTC +04:00)
Bu günlərdə Azərbaycanın hər yerində, eləcə də xarici ölkələrdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə tədbirlər keçirilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılır.
Gəncədə ümummilli lider Heydər Əliyevinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 7 may /Trend/

Bu günlərdə Azərbaycanın hər yerində, eləcə də xarici ölkələrdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə tədbirlər keçirilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılır.

Mayın 7-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda Konfrans keçirilmişdir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Gəncədə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar.

Konfransda müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyasının dayandığını vurğulamışdır. Mikayıl Zeynalov Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın, regionların və sahibkarlığın inkişafı sahəsində misilsiz xidmətləri barədə geniş məlumat vermişdir.

İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən bəhs etmiş, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilmiş, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilmişdir. Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilmişdir. Həyata keçirilən uzaqgörən, düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edir, dünyada nüfuzu günü-gündən artır.

Tədbirdə çıxış edən sahibkarlar Ümummilli Liderimiz Heydər Əliyevin sahibkarlığın inkişafı sahəsində misilsiz xidmətlərindən bəhs etmişdir.

Konfransda "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı", "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı", "Heydər Əliyevin iqtisadi inkişaf strategiyası" mövzularında məruzələr dinlənilmişdir. Tədbir çərçivəsində sahibkarlar üçün "Heydər Əliyev və Azərbaycanda insan kapitalının inkişafı" mövzusunda Heydər Əliyev dərsləri təşkil olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti