...

Turizm Assosiasiyası: Türkiyədə istirahət üçün paket qiymətləri qalxmayıb

Cəmiyyət Materials 16 May 2013 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Türkiyədə istirahət etmək istəyənlər üçün təklif edilən paketlərin qiyməti yalnız həmin ölkənin hotellərində qiymətlər bahalaşdıqda yüksəlir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri (AzTA) Nahid Bağırov deyib.

Onun sözlərinə görə, lakin Türkiyədəki hotellərin qiymətləri bahalaşmadığı üçün təklif edilən paketlərin də qiymətləri artmayıb.

O bunu keçirdikləri monitorinqin nəticələrinə əsasən söylədiyini bildirib: "Keçən illə müqayisədə bu il nə biletlərin, nə də hotellərin qiyməti artıb. Qiymətlər ötənilki kimidir. Ucuz yerlər satıldıqdan sonra kimsə gəlib hoteldə qalmaq istədiyini deyir. Cavab olaraq, ancaq bahalı yerlərin qaldığı bildirilir. Onda da deyirlər ki, turizm şirkətləri qiymətləri qaldırıb".

Bağırov deyib ki, başqa dövlətlərin turistləri 4-5 ay əvvəldən istirahət etmək istədikləri ölkənin hotelində yer rezervasiya edirlər. Ancaq Azərbaycan vətəndaşları bunu etmirlər.

Assosiasiya sədri bildirib ki, yay aylarında Türkiyədə dincəlmək istəyənlər mayın 1-dək yerləri bronlaşdırsaydı, hotellər 20-30 faiz endirim edərdilər. Vətəndaşlar yerləri nə qədər gec bronlaşdırırlarsa, paketlərin qiyməti də bir o qədər baha olur.

Onun sözlərinə görə, bu gündən etibarən isə Türkiyə istiqamətində paketlərə mayın 31-dək hotellər tərəfindən endirimlər tətbiq olunub.

"Türkiyə istirahət üçün bahalı istiqamət deyil", - Bağırov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti