...

İşçilərin iş vaxtı necə tənzimlənməlidir?

Cəmiyyət Materials 21 May 2013 10:14 (UTC +04:00)
Bakı Hüquq Mərkəzinin hüquqşünası Rüstəm Zeynalov bildirib ki, iş vaxtı həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
İşçilərin iş vaxtı necə tənzimlənməlidir?

Azərbaycan, Bakı, 21 may / Trend /

Bəzi idarə və təşkilatlarda işçilərin gün ərzində 8 saatdan artıq işləməsi halları mövcuddur. Onların artıq iş saatlarına görə əməkhaqlarının hesablanması da çox vaxt adi qaydada aparılır. Bu da işəgötürənlə işçi arasında əmək mübahisələrinin yaranmasına gətirib çıxarır.

Həm Konstitusiyada, həm də əmək qanunvericiliyində iş vaxtı, onun növləri, iş vaxtından artıq iş və bu kimi məsələləri nizama salınıb.

Bakı Hüquq Mərkəzinin hüquqşünası Rüstəm Zeynalov bildirib ki, iş vaxtı həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
Hüquqşünasın sözlərinə görə, qanunvericilik iş vaxtının tam, qısaldılmış və natamam iş vaxtı növlərini müəyyən edib.
Onun sözlərinə görə, gündəlik normal iş vaxtının müddəti 8 saatdan və buna müvafiq olaraq həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz:

"Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Nazirlər Kabineti tərəfindən altıgünlük iş həftəsi müəyyən edilə bilər".

Zeynalov bildirib ki, qanunvericilik tam iş vaxtından fərqli olan qısaldılmış, natamam iş vaxtı müəyyən edib.

Belə ki, işçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla əmək müqaviləsinin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq ola bilməz.
Hüquqşünas qeyd edib ki, xüsusi xarakterli işlərdə çalışan işçilərə də (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda işləyənlərə və s.) həftə ərzində 36 saatdan çox olmayan iş vaxtı şamil edilir.

Natamam iş vaxtı əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq əsasında müəyyən edilə bilər.

Onun sözlərinə görə, bir qrup işçilər üçün natamam iş vaxtı müəyyən edilməlidir:

"İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik) tələb edərsə, işəgötürən, həmin şəxslər üçün natamam iş vaxtı müəyyən etməlidir. Habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud 16 yaşınadək əlil uşağı olan qadınlara işəgötürən natamam iş vaxtı müəyyən etməlidir. Əmək qanunvericiliyi natamam iş vaxtında çalışan işçilərin qanunvericiliklə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılmasını qadağan edir".

Zeynalovun sözlərinə görə, hər bir müəssisə, idarə və təşkilatda iş vaxtının rejimi qaydaları müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
Bu qaydalara gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı və s. daxil edilir.

Hüquqşünas bildirib ki, əmək qanunvericiliyi iş vaxtından artıq iş, iş vaxtından artıq işlərə icazə verildiyi halları da müəyyənləşdirib.
Onun sözlərinə görə, iş vaxtından artıq iş işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsidir. Bir qayda olaraq, iş vaxtından artıq iş yolverilməzdir:

"Lakin, təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması məqsədilə qanunvericiliyin tələblərinə əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Əmək Məcəlləsi iş vaxtından artıq işlərə yol verilən istisna halların da dairəsini dəqiq müəyyənləşdirib. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn 2 iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz".

Elə sahələr var ki, orada işlərin dayanmadan, fasiləsiz görülməsi tələb olunur. Zeynalov deyir ki, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı işi sayılır:

"Qanunvericilik gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsini yolverilməz sayır. Həmçinin, əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. Əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır".

Onun sözlərinə görə, işəgötürən, hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti