Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/
İyunun 1-də Milli Azərbaycan Tarixi Muzeyində "Çexiya süleyman daşı" adlı sərginin təntənəli açılışı olacaq.
Muzeydən Trend-ə verilən məlumata görə, Milli Muzeyi Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikası Milli Muzeyi tərəfindən təşkil olunmuş sərginin Bakıda nümayiş olunmasında Çexiya Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Praqadakı Azərbaycan səfirliyinin köməklik göstəriblər.
Sərgidə süleyman daşı (qranat) Çexiya torpaqlarının mineroloji rəmzi kimi nümayiş etdiriləcək. Belə ki, Çexiya Respublikası Milli Muzeyinin kolleksiyalarından nadir zərgərlik nümunəsi olan 160 eksponat XIV- XX əsr Çexiya zərgərlərinin yüksək peşəkarlığını, zövqünü əyani surətdə nümayiş etdirəcək.
Sərgi Çexiya süleyman daşını Çexiya torpaqlarının mineroloji rəmzi kimi nümayiş etdirir. Milli Muzey Çexiya süleyman daşını 1918-ci ildən başlayaraq toplayır və hazırda bu mineraldan düzəldilmiş ən böyük kolleksiyaya malikdir.
Sərgidə tamaşaçılar Çexiya zərgərlik nümunələri, məişət əşyaları, qalantereya nümunələi və .s. bədii və tarixi-etnoqrafik materiallarla tanış olmaqla yanaşı, daşların Qotik dövrdən günümüzədək olan tarixi əhatə etdiyini də biləcəklər.
Sərgidə nümayiş olunan ən qədim eksponat XIV əsrə aid edilən və Praqa Kilsəsindən götürülmüş yəşəm lövhədir; ən son eksponat - müasir Çexiya zərgərlərinin əl işi olan süleyman daşlı boyunbağıdır. Eksponatlar sırasında Çexiya süleyman daşı ilə bəzədilmiş barokko üslubunda qədəhlər, Madonnanın heykəli və rəsmləri, xalçalar, təsbehlər, qadın bəzək əşyaları, o cümlədən daraqlar, taclar, həmçinin yazı dəstləri, tənbəkilər mövcuddur. Çexiya süleyman daşından qızıl, gümüş, eləcə də, şüşə və mirvarilər əlavə etməklə nadir zərgərlik nümunələri yaradılmışdır ki, onların da şöhrəti bütün dünyaya yayılmışdır. Sərgidə təqdim olunan çoxsaylı rəsm əsərləri və fotolar Çexiya süleyman daşı ilə bağlı olan tarixi şəxsiyyətlər, şəhərləri əks etdirilər. Sərgidə nümayiş olunan eksponatlar sırasında təbii mineral olan süleyman daşı, o cümlədən onun növləri olan Çexiya süleyman daşı, ametist, yəşəm, gümüş filizi, eləcə də ustaların istifadə etdikləri alətlər nümayiş olunacaq.
Sərginin açılış mərasimində Çexiya Respublikası Mədəniyyət Naziri Alena Xanakova və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.
Sərgi beynəlxalq əməkdaşlığın bariz nümunəsidir, onun keçirilməsi barədə qərar ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çexiya Respublikasına səfəri zamanı qəbul olunub. Məhz bu tarixi səfəri əməli nəticəsi olaraq Çexiya Respublikası Milli Muzeyi və Milli Azərbaycan Tarixi Mizeyi arasında Qarşılıqlı anlaşma barədə Memorandum imzalanıb.
Milli Muzey Çexiya Respublikasının ən qocaman və zəngin muzeylərindəndir. Bu il 195 illiyini qeyd edən muzey beş xüsusiləşmiş muzeylərdən ibarətdir. Elm və Təbiət Milli Muzeyi, Tarix Muzeyi, Milli Muzeyin Kitabxanası, Asiya, Afrika və Amerika mədəniyyətləri Muzeyi, Çex Musiqi Muzeyi. 15 müxtəlif binadan ibarət Milli Muzeydə 20 milyondan artıq eksponat qorunur, burada mütəmadi olaraq mövzu sərgiləri, həmçinin bir sıra mədəni və tədris tədbirləri keçirilir.