...

Romanın "Tor Vergata" Universitetində Azərbaycana həsr edilmiş təqdimat keçirilib (FOTO)

Cəmiyyət Materials 8 İyun 2013 16:54 (UTC +04:00)
İtaliyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Romanın “Tor Vergata” Universitetində Azərbaycana həsr edilmiş təqdimat keçirilib.
Romanın "Tor Vergata" Universitetində Azərbaycana həsr edilmiş təqdimat keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

İtaliyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Romanın "Tor Vergata" Universitetində Azərbaycana həsr edilmiş təqdimat keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbiri açan universitetin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru professor Pietro Masi təqdimat iştirakçılarına universitetin rektoru professor Renato Lauronun salamlarını çatdırıb. Daha sonra o, İtaliya ilə Azərbaycan arasında çoxsahəli əlaqələrin mövcud olduğunu qeyd edib və bu kimi tədbirlərin ölkəmiz və onun yerləşdiyi bölgə ilə daha yaxından tanış olmaq üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizin tarixi, dövlət quruluşu, apardığı daxili və xarici siyasəti, Azərbaycan-İtaliya əlaqələrinin tarixi və müasir vəziyyəti, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı iqtisadi və nəqliyyat layihələri, Cənubi Qafqaz və Xəzəryanı bölgələrdə inkişafda olan mühüm siyasi və iqtisadi proseslərdə Azərbaycanın aparıcı rolu barədə danışıb. Daha sonra səfir V.Sadıqov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və indiki vəziyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Universitetin Astrofizika bölməsinin professoru Nikolo Vittorio, Hüquq fakültəsinin professoru Massimo Papa, Turizm fakültəsinin professoru Nikolo Kosta, Mexanika və maşınqayırma kafedrasının professoru Roberto Verzikko və Tibb fakültəsinin professoru Paola Sinibaldi ali təhsil sisteminin təkmilləşdirilməsi sahəsində Avropada aparılan layihələrdə Azərbaycanın ali məktəblərinin uğurla iştirak etdiyini qeyd ediblər və İtaliya ilə tələbə-müəllim mübadiləsinin genişləndirilməsi üçün lazımi addımların atılmasının vacibliyini vurğulayıblar. Bu məqsədlə "Tor Vergata" Universiteti və Azərbaycanın müxtəlif ali təhsil ocaqları arasında magistratura və doktorantura pillələri üzrə mübadilə proqramlarının yaradılmasının zəruriliyi qeyd olunub. Çıxış edənlər "Tor Vergata" Universitetinin bu sahə üzrə dünyanın digər aparıcı universitetləri ilə əlaqələrin qurulmasına açıq olduğunu qeyd ediblər və artıq "Tor Vergata" Universitetində bir neçə azərbaycanlı tələbənin təhsil aldığını bildiriblər.

Tədbirin sonunda səfir V.Sadıqov müzakirə zamanı verilmiş sualları cavablandırıb, ölkəmizin təhsil sistemi barədə məlumat verib.

Təqdimatda "Tor Vergata" Universitetinin professor-müəllim və tələbə heyətinin üzvləri və mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti