...

Hicran Hüseynova: "Ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açdı”

Cəmiyyət Materials 14 İyun 2013 10:57 (UTC +04:00)
Trend-in xəbərinə görə, bunu Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Hicran Hüseynova: "Ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açdı”

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

"Ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açdı."

Trend-in xəbərinə görə, bunu Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, ötən qurultaydan keçən 5 il ərzində ölkəmizin beynəlxalq nüfuzu, sürətlə artan sosial-iqtisadi inkişafı, ölkə daxilindəki ictimai-siyasi sabitlik göz qabağındadır. Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan kompleks islahatlar, regionların inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, neft strategiyası, düşünülmüş xarici siyasətin nəticələri danılmazdır. Möhtərəm İlham Əliyevin şəxsi siyasətçi nüfuzu və dövlət başçısı kimi səyləri nəticəsində Azərbaycan balanslaşdırılmış xarici siyasəti ilə beynəlxalq aləmdə siyasi nüfuza malik olaraq regionun lider dövləti kimi tanındı. Son 8 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə endi, son 5 il ərzində büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artdı.

Komitə sədri bildirib ki, Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər. Bununla yanaşı ölkədə qadın hüquqlarının müdafiəsi, onların iqtisadi cəhətdən müstəqilliyinin artırılması sahəsində güclü addımlar atılıb.

H.Hüseynova bildirib ki, 95 il əvvəl Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib. Bu demokratik qərar ölkədə qadınların ictimai-siyasi, sosial-mədəni aktivliyinin artmasına təkan verib: "Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlətin qadınlar siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açdı".

H.Hüseynova əlavə edib ki, ümumrespublika qadınlarının qurultaylarında irəli sürülən təkliflərin həyata keçirilməsi ölkəni inkişafa və tərəqqiyə doğru yönəldir. Onun sözlərinə görə, ölkə həyatının inkişaf dinamikasında öz şəxsi fəaliyyətləri ilə möhtərəm Prezident İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyeva hər birimiz üçün örnəkdir. Onların bu istiqamətdəki yorulmaz və gərgin əməyi, vətənpərvərliyi hər birimizin məsuliyyətini daha da artırmalıdır: "Bu gün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan və Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırıb. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanım Əliyeva dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ən ali fəxri adlara, mükafatlara layiq görülüb. Ümummilli liderin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği, mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması humanizm prinsiplərinin göstəricisidir".

H.Hüseynova qeyd edib ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi haqqında Heydər Əliyev Fondu dünya birliyinə rəsmi faktları ardıcıl çatdırır, qaçqın və məcburi köçkünlərin, xüsusilə də qadın və uşaqların problemləri və onların həllinə dair tədbirlər həyata keçirir: "Qarabağ münaqişəsindən zərər çəkmiş 400 minə yaxın qaçqın və məcburi köçkün qadınların cəmiyyətə adaptasiyası, müvafiq işlə təmin edilməsi və sahibkarlıq işinə cəlb edilməsində dövlət tərəfindən daima xüsusi tədbirlər görülür".
Komitə sədri bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan xalqına qarşı soyqırımının tanıdılması işində gördüyü işlər xüsusi qeyd edilməlidir. Gənc qadınların çoxu üçün Leyla xanımın aktivliyi vətənə sədaqətin parlaq nümunəsidir.

H.Hüseynova deyib ki, dövlət tərəfindən əhalini narahat edən problemlərin həllinə dair mühüm işlərin görülməsinə baxmayaraq, cəmiyyətdə hələ də uşaqlara və qadınlara qarşı zorakılıq halları var: "Bu problemin bütün dünya ölkələrində olmasına baxmayaraq, bəziləri çox səhv olaraq məişət zorakılığını bizim milli xüsusiyyətlərimizlə bağlayırlar. Mehriban xanım Əliyevanın "Qadına qarşı zorakılığa haqq qazandırmaq üçün adət-ənənə və mentalitetdən istifadə etmək əxlaq qaydalarına ziddir" sözləri belə düşüncəyə malik olan insanlara birmənalı cavabdır. Bu ciddi problemin qarşısıının alınması və profilaktikası dövlət başçımızın və hökumətin diqqət mərkəzindədir".

H.Hüseynova bildirib ki, dövlətin erkən nikah və məişət zorakılığı ilə mübarizə tədbirlərinin ilk müsbət nəticələri artıq özünü göstərir. Onun sözlərinə görə, 2011-ci ildə 15-17 yaşlı gənc analar tərəfindən doğulan uşaqların sayı 4392 olub. 2012-ci ildə isə onların sayı 3236 nəfərə enib. Məişət zorakılığı ilə bağlı cinayətlər 2011-ci ildə 2043, 2012-ci ildə isə 1514 olub.

Komitə sədri deyib ki, 2008-ci ildə ölkədə 90-a yaxın qeyri-hökümət qadın təşkilatı fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 200-ə çatır. Bu da onu göstərir ki, qadınlar artıq iqtisadi, sahibkarlıq, ictimai-siyasi və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində öz hüquqlarını daha yaxşı bilir və təşkilatlanmış formada fəaliyyət göstərirlər.

Bu gün Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir.
Qurultay Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir və "İnkişaf naminə birlik" devizi altında təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti