...

Amerika Yəhudi Komitəsində Azərbaycanla bağlı məsələlər müzakirə olunub

Cəmiyyət Materials 22 İyun 2013 12:20 (UTC +04:00)
Amerika Yəhudi Komitəsinin Dallas bölməsində Azərbaycanla bağlı müzakirələr keçirilib.
Amerika Yəhudi Komitəsində Azərbaycanla bağlı məsələlər müzakirə olunub

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İzzət/

Amerika Yəhudi Komitəsinin Dallas bölməsində Azərbaycanla bağlı müzakirələr keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ və dünya miqyasında böyük nüfuz sahibi olan Amerika Yəhudi Komitəsinin Texas ştatının Dallas bölməsinin növbəti toplantısında əsas müzakirə mövzusu Azərbaycan və ölkəmizin ABŞ və İsraillə münasibətləri olub.

Toplantının qonağı olan Azərbaycanın Vaşinqtondakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov tədbir iştirakçılarına Azərbaycan haqqında ümumi məlumat verib, onun tarixi və malik olduğu geosiyasi əhəmiyyətindən söz açıb, ölkəmizin inkişaf edən iqtisadiyyatı və neft-qaz sənayesinin tərəqqisi barədə danışıb və qarşıda dayanan məqsədləri sadalayıb. Uzun əsrlərdən bəri Azərbaycanda hökm sürən dözümlülük ənənələri iştirakçıların diqqətinə çatdırılıb və din, dil və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan əhalisinin qarşılıqlı anlaşma içərisində yaşadığı vurğulanıb.

Azərbaycanın ABŞ və İsraillə münasibətlərimiz haqqında danışarkən İsmayılov bu münasibətlərin çoxşaxəli xarakter daşıdığını və onların yüksələn xətlə inkişaf etdiyini göstərib və mövcud əməkdaşlığın xalqlarımız arasındakı möhkəm dostluğa və eləcə də məhsuldar ticarət və iqtisadi əlaqələrə söykəndiyini qeyd edib. Azərbaycan əsgərlərinin Əfqanıstanda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdikləri və müttəfiq qüvvələrin Əfqanıstanla nəqliyyatının təmin edilməsində Azərbaycanın mühüm rol oynadığı önə çəkilib. Həmçinin Azərbaycanın Avropa və İsrailin enerji təhlükəsizliyinin təmin edilməsinə yetirdiyi töhfə barədə məlumat verilib və gələcək perspektivlər ifadə olunub.

Bundan əlavə, tədbir iştirakçılarının diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri çatdırılıb və xalqımızın 20 ildən artıq müddətdə üzləşdiyi ədalətsizlik xüsusilə qeyd olunub.

Maraqla qarşılanmış məruzənin ardınca iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin 2 iyun tarixində Vaşinqtonda keçirilmiş İllik Qlobal Forumunda Azərbaycanın xarici işlə naziri Elmar Məmmədyarov da çıxış edib.

Xatırladaq ki, 1906-ci ildə təsis edilmiş Amerika Yəhudi Komitəsinin ABŞ-ın 26 ştatı, həmçinin dünyanın bir çox ölkələrində bölmələri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti