...

Gələn il Azərbaycanın bütün vətəndaşları "ASAN xidmət"dən faydalana biləcəklər

Cəmiyyət Materials 24 İyun 2013 10:42 (UTC +04:00)
2014-cü il ərzində ölkəmizin bütün regionları əhatə olunmaqla, bütün rayonlarımızın sakinləri "ASAN xidmət" mərkəzinə müraciət etmək imkanı qazanacaqlar.
Gələn il Azərbaycanın bütün vətəndaşları "ASAN xidmət"dən faydalana biləcəklər

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

2014-cü il ərzində ölkəmizin bütün regionları əhatə olunmaqla, bütün rayonlarımızın sakinləri "ASAN xidmət" mərkəzinə müraciət etmək imkanı qazanacaqlar.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Facebook" səhifəsində vətəndaşların suallarını cavablandırarkən bildirib.

Agentliyin rəhbərliyi qeyd edib ki, hazırda "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşlara "ASAN Səyyar" xidməti göstəriləcək.

Bundan əlavə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında xidmətlərin göstərilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar artıq iyun ayından etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayıb.

Qeyd edilir ki, yanvarın 15-dən fəaliyyətə başlamış 1 saylı "ASAN xidmət" mərkəzi hazırda paytaxtın Nərimanov, Nəsimi və Binəqədi rayonlarının, 2 saylı "ASAN xidmət" mərkəzi - Nizami, Xətai və Suraxanı, Sumqayıt "ASAN xidmət" mərkəzi isə Sumqayıt şəhəri ilə yanaşı həmçinin Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərməkdədir.

Cari il ərzində Yasamal rayonu ərazisində 3 saylı "ASAN xidmət" mərkəzi, Sabunçu rayonunda 4 saylı "ASAN xidmət" və avqust ayının sonunadək isə Gəncə şəhərində daha bir "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur ki, bu mərkəz də öz növbəsində Gəncə şəhəri və Gəncəətafı rayonların əhalisinə xidmət göstərəcək.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların davamı olaraq yaradılan "ASAN Xidmət" mərkəzləri ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir və idarəetmədə yeni yanaşma və metodlar tətbiq edir. ASAN Xidmət mərkəzləri öz fəaliyyətini operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurmaqla, mümkün korrupsiya və burokratik əngəllərin qarşısını alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti