...

Avropa Standartlaşdırma Komitəsinin Baş Assambleyasının növbəti iclası Türkiyədə keçiriləcək

Cəmiyyət Materials 24 İyun 2013 18:04 (UTC +04:00)
Avropa Standartlaşdırma Komitəsinin (CEN) Baş Assambleyasının növbəti iclası 2014-cü ildə Türkiyənin İstanbul şəhərində, 2015-ci ildə Latviyanın Riqa şəhərində, 2016-cı ildə isə Makedoniyada keçiriləcək.
Avropa Standartlaşdırma Komitəsinin Baş Assambleyasının növbəti iclası Türkiyədə keçiriləcək

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Avropa Standartlaşdırma Komitəsinin (CEN) Baş Assambleyasının növbəti iclası 2014-cü ildə Türkiyənin İstanbul şəhərində, 2015-ci ildə Latviyanın Riqa şəhərində, 2016-cı ildə isə Makedoniyada keçiriləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) Trend-ə verilən məlumata görə, Danimarkanın Kopenhagen şəhərində keçirilmiş CEN-in Baş Assambleyası və II Avropa Standartlaşdırma Sammitində Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Çexiya, Slovakiya, Polşa, Makedoniya, Latviya, Litva, Bosniya və Herseqovina, Türkiyə və Gürcüstanın standarlaşdırma qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı ölkələr arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və cari il ərzində Çexiya və Polşaya səfərlərin təşkil olunmasına dair ilkin razılıq əldə olunub.

Bundan əlavə, Türkiyə Standartları İnstitutu ilə aparılan danışıqlar zamanı 2009-cu ildə bağlanmış Anlaşma Memorandumunun yenilənməsi məqsədilə standartlaşdırma, sertikitalaşdırma və dövlət nəzarəti ekspertlərinin iştirak edəcəyi nümayəndə heyətinin cari ilin sentyabr ayında Türkiyəyə səfərinin təşkil olunması planlaşdırılıb.

Həmçinin, səfər çərçivəsində Almaniya Standartlar İnstitutunun, Almaniyanın Elektrik, Elektron və İnformasiya Texnologiyaları üzrə Komissiyası ilə aparılmış ikitərəfli danışıqlar zamanı alman ekspertlər elektrik və İT sahələrində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətlərini bildiriblər.

Avropa Standartlaşdırma Sammitində gündəlikdə duran əsas məsələ isə xidmət sahədində standartların qəbulu və bununla bağlı qarşıya çıxan problemlərin müzakirəsi olub. Fikir mübadiləsi zamanı aydın olub ki, bu sahədə əsas problem Avropa ölkələrinin fərqli qanunvericiliyə malik olması, həmçinin bu cür standartların icrası ilə bağlı meydana çıxan dövlət nəzarəti problemləridir. Həmçinin, CEN və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası ilə ikitərəfli saziş layihəsinin hazırlanması da qərara alınıb.

Səfər çərçivəsində SMPDK ilə CEN-in mövcud əlaqələrini genişləndirmək məqsədilə CEN-in bir sıra texniki komitələrində iştirak imkanları müzakirə edilib və prioritetlər təyin edilib. Sonra Baş Assembleyada CEN-ə üzvlük meyarlarını müəyyən edən 20 saylı Təlimata yenidən baxılıb və 2014-cü ildə CEN-in növbəti Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində, 2015-ci ildə Latviyanın Riqa şəhərində, 2016-cı ildə isə Makedoniyada keçirilməsi razılaşdırırlıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti