...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçilib (FOTO)

Cəmiyyət Materials 28 İyun 2013 03:07 (UTC +04:00)
İyunun 27-28-də Bakı şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 ölkənin gənc liderlərinin Forumu keçirilib. Tədbir Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin (AAGİB) təşəbbüsü və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçilib (FOTO)

Azərbaycan, Bakı, 28 iyun/Trend/

İyunun 27-28-də Bakı şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 ölkənin gənc liderlərinin Forumu keçirilib. Tədbir Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin (AAGİB) təşəbbüsü və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq forumu giriş sözü ilə açan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov bildirib ki, layihənin məqsədi bölgədə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılması və QDİƏT ölkələrini əhatə edən gənclər arasında dialoqun qurulmasıdır. Forumun açılışında diqqətə çatdırılıb ki, Gənc Liderlər Forumu, QDİƏT QHT forumunun platforması əsasında meydana gəlib.

Forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlər, gənclər təşkilatları sədrləri, həmin ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları, eyni zamanda Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, millət vəkilləri Azay Quliyev, Musa Qasımlı, Asəf Hacıyev, Asim Mollazadə, Rasim Musabəyov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, yerli gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak ediblər.

Daha sonra forum "Qara dəniz regionu: Ərazi münaqişələri və onların regional təhlükəsizliyə təhdidi", "Qara dəniz ölkələri ərazisində gənclərin beynəlxalq əməkdaşlıq perspektivi" panelləri ilə davam etdirilib.

Forumun ikinci hissəsində iştirakçılar Bakı Bəyannaməsinin qəbul olunması üçün müzakirələr aparıblar. Gərgin keçən müzakirələrdən sonra Bakı bəyənnaməsi üzv ölkələrin gənclər liderlərinin iştirakı ilə səsverməyə qoyulub və tam yekdilliklə qəbul olunub. Bəyənnamədə qeyd olunub ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun əsas fəaliyyəti üzv dövlətlərin gəncləri arasında regional əməkdaşlıq, qarşılıqlı inam və bölgədə sülhün bərqərar olunmasına xidmət edən layihələrin icrasına yönələcək.

Qara Dəniz İqtisadi Əməkşdaşlıq Təşkilatı üzv dövlətlərinin xalqları arasında mədəni, tarixi və iqtisadi əlaqələrə söykənərək bölgə ölkələrinin vətəndaş cəmiyyətlərinin inkişafında gənclərin rolunun artırılması və Qara Dəniz hövzəsində yerlərəşən gənclər təşkilatları arasında mübadilə proqramları və mədəniyyətlər-arası dialoqun genişləndirilməsi Bakı bəyənnaməsində əsas hədəf kimi öz əksini tapıb.

Forumun sonunda yeni təsis olunan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun sədrliyinə Azərbaycan tərəfdən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovun namizədliyi irəli sürülüb və iştirakçı ölkələrin tam yekdil səsi ilə Vüqar Əhmədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun sədri seçilib. O cümlədən qurumun katibliyinin Azərbaycanda təşkil olunması və qeydiyyatı üçün Forum tərəfindən müvafiq tövsiyyələr və səlahiyyətlər Azərbaycan tərəfinə verilib.

Növbəti Forumun 2013-cü ilin sonunda Türkiyənin İstanbul şəhərində keçirilməsi qərara alınıb və Foruma Türkiyədən qatılan təşkilat növbəti toplantının təşkili ilə bağlı müvafiq hazırlıq işlərini öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti