Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə bildirib ki, azan idarənin təqdim etdiyi təqvimə əsasən səsləndirilməlidir.
Trend-in məlumatına görə, A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında çıxışı zamanı bildirib ki, azanın müxtəlif vaxtlarda səsləndirilməsi Azərbaycanda bəzi çətinliklərə səbəb olur: "Əgər azan müxtəlif vaxtlarda verilirsə və bu, başqa təsirlərə gətirib çıxarırsa, demək, biz dövlətdən xahiş etməliyik ki, xüsusilə, Ramazan ayında bizə kömək etsin. Çünki burada iftarın açılması ilə azanın verilməsi, sübh namazının vaxtının bitməsi və s. məsələlər var. Bəzən görürsən ki, kimlərsə sübh namazının azanını yarım saat qabaq verir və insanları hansısa məqsədlə arxasınca aparır".
QMİ sədri bildirib ki, idarənin təqdim etdiyi təqvim hər iki məzhəb üçün yararlıdır.
Onun sözlərinə görə, bəzən Ramazan aylarında məscidlərə iftar süfrəsi verməklə bağlı hansısa şəxslər tərəfindən müraciətlər olunur. Bəzən bu müraciət edənlərin məqsədləri heç də iftar süfrəsi təşkil etmək olmur: "Bundan özlərinə dividend qazanmaq üçün istifadə edirlər. Başqa təriqətləri, siyasi adamları ora yığıb hansısa təbliğatı aparmaq üçün istifadə edirlər. Ona görə də bundan sonra belə bu iftar süfrəsi verən adamların əvvəlcə siyahısı tərtib olunmalıdır və bilinməlidir ki, onlar kimlərdir. Əks halda, iftar kiminsə təbliğinə çevrilir. Xüsusilə, bu il seçki ili olduğu üçün bu cür adamlardan ehtiyatlı olmaq lazımdır. Bizdə din dövlətdən ayrıdır. Bizim işimiz ibadət etmək, dua etməkdir".