Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir S.Əhmədova/
ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mariya Qrasia Cammarinaro insan orqanlarının alverinə həsr olunmuş "ATƏT məkanında orqanların nəqli məqsədilə insan alveri" adlı tədqiqatı dərc edib.
Trend ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədqiqat ATƏT məkanında qanunsuz orqan nəqli əməliyyatlarına dair faktları və cinayət işlərini əks etdirir.
Tədqiqatda 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində ukraynalı cərrahlar tərəfindən 13 Ukrayna vətəndaşının donorluğu ilə qanunsuz orqan nəqli əməliyyatlarının həyata keçirilməsi faktı da öz əksini tapıb.
Sözügedən tədqiqatda bildirilir ki, Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında Fransa, ABŞ, Ukrayna və İsrail vətəndaşları iştirak ediblər.
M.Cammarinaronun tədqiqatında deyilir ki, Azərbaycan Beynəlxalq Universitetinin bu kimi orqan transplantasiya əməliyyatları keçirilməsi üçün müvafiq lisenziyası olmayıb.
Tədqiqatda, həmçinin qeyd olunur ki, qanunsuz orqan transplantasiyalarında günahlandırılan Tibb Mərkəzinin işçilərinə qarşı cinayət işi açılıb.
Qeyd edək ki, ABU hazırda fəaliyyət göstərmir.