Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İzzət, E.Mehdiyev/
Azərbaycan jurnalistlərinin VI qurultayı öz işinə başlayıb.
Trend-in məlumatına görə, Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçıları öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.
Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən qurultayı Azərbaycan dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qurultayın keçirilməsi üçün yetərsay var. Bundan sonra Sədarət, Katiblik, Say və Mandat komissiyalarının yaradılıb, qurultayın reqlamenti və gündəliyi təsdiq olunub.
Qurultayda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına və Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişiklik nəzərdə tutulur.
AJPDQ-ya dəyişikliklər Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin 2010-2011-ci illərdə həyata keçirdiyi birgə layihə çərçivəsində aparılıb. Məsələ ölkənin jurnalist ictimaiyyətinə kifayət qədər aydındır. Qurultay həmin dəyişikliklərə münasibətini bildirməlidir. Bunun üçün ali məclis nümayəndələrinə AJPDQ-nın əvvəlki və hazırkı variantı müqayisəli şəkildə təqdim olunacaq.
Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliyə gəlincə, burada söhbət Şuranın İdarə Heyətinin tərkibinin genişləndirilməsindən gedir.
Qurultayda Şuranın İdarə Heyətinin qurultay tərəfindən seçilən 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət olması üçün ali məclis təmsilçilərinin rəyi öyrəniləcək. Bu zaman həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil edəcək. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si ictimaiyyətdən olacaq.
Qeyd edək ki, qurultayda Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edir.