Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılıgı ilə Silahlı Qüvvələrin yaranmasının 95 illiyi və nazirliyin yaranması münasibətilə iyulun 23-27-də Şamaxı rayonunda "Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır" devizi altında IV hərbi vətənpərvərlik düşərgəsi keçiriləcək.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, düşərgənin məqsədi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası, çağırış yaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkili olunmasından ibarətdir.
Düşərgədə Bakı şəhərindəki ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 55 nəfər gənc iştirak edəcək.