...

Konstitusiya Məhkəməsi dövlət komitəsi ilə dini icma arasında çəkişməyə dair qərar verdi

Cəmiyyət Materials 24 İyul 2013 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/

Konstitusiya Məhkəməsi "Dini etiqad azadlığı haqqında" qanunun 22-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının razılığı" müddəasının şərhinə dair qərarını dərc edib. Qərar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciəti əsasında çıxarılıb.

Konstitusiya Məhkəməsindən Trend-ə bildiriblər ki, həmin müraciətdə göstərilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 23 fevral və 9 mart 2011-ci il məktubları ilə "Yehovanın şahidləri" dini icmasına dini nəşrin idxalının sayına və istifadəsinə məhdudiyyət qoyulub. Dini icma üzvləri bu məktubların qanunsuz hesab edilərək ləğvi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutublar. İddiaçıların qənaətinə görə, komitənin dini icmaya ünvanlanan məktublarında dini təyinatlı ədəbiyyatın idxalının qadağan edilməsinə, sayına və istifadəsinə məhdudiyyət qoyulmasına dair yalnız münasibət bildirilib və bu məktublar hüquqi nəticə yaradan inzibati akt kimi qəbul edilə bilməz.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi işə baxarkən "Dini etiqad azadlığı haqqında" Qanunun 22-ci maddəsinin ikinci hissəsinin"müvafiq icra hakimiyyəti orqanının razılığı" müddəasının mahiyyətcə inzibati akt olub-olmaması məsələsinə dair müəyyən çətinliklərlə qarşılaşmışdır.

Müraciət edənin qənaətinə görə məhkəmə tərəfindən mübahisənin predmeti və iddia növünün düzgün müəyyən edilməsi inzibati məhkəmə icraatının vacib şərtlərindən biridir. Məhz bu baxımdan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "müvafiq icra hakimiyyəti orqanının razılığı" müddəasının mahiyyətcə inzibati akt olub-olmaması məsələsinə dair vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə "Dini etiqad azadlığı haqqında" Qanunun 22-ci maddəsinin ikinci hissəsinin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin qərarına əsasən:

1. "İnzibati icraat haqqında" qanuna uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır.

2. "Dini etiqad azadlığı haqqında" qanunun 22-ci maddəsinin ikinci hissəsinin "müvafiq icra hakimiyyəti orqanının razılığı" müddəası bu qərarın birinci hissəsində göstərilən meyarlara cavab verən hər hansı bir qərarın qəbul olunmasını ehtiva edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti