Azərbaycan, Bakı, 12 avqust / Trend, müxbir M.Əliyev/
Macarıstanın Döndöş şəhərində avqustun 5-12-də keçirilən XIII beynəlxalq mahnı və rəqs festivalı Şuşa rayonunun "Qarabağ" ansamblının uğurlu çıxışları ilə yadda qalıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilib.
Bu ilin may ayında Döndöş şəhəri ilə qardaşlaşma sazişi imzalayan Şuşa İcra Hakimiyyəti beynəlxalq festivalda iştirak dəvəti aldıqdan sonra qısa müddət ərzində özünəməxsus Qarabağ musiqi sənətini əks etdirən zəngin proqram hazırlamağa nail olmuşdu. Festival günlərində gənc azərbaycanlı musiqiçilər Çin, Fransa, Serbiya, Portuqaliya, Macarıstan, Ukrayna, Yunanıstan və başqa ölkələrdən gəlmiş ifaçılarla birlikdə müxtəlif konsert proqramlarında, habelə festivalın bağlanışındakı qala-konsertdə iştirak etmiş, qeyri-adi ifaları ilə festivalın sevimlisinə çevriliblər.
Avqustun 10-u isə festivalda "Azərbaycan günü" kimi yadda qalıb. Həmin gün xüsusi konsert proqramı ilə çıxış edən gənc sənətçilərimiz minlərlə tamaşaçını ehtizaza gətirmiş, bitib-tükənmək bilməyən alqışlar qazanıblar. Ənənəvi üçlüyün - tar, kamança və dəfin müşayiəti ilə ifa olunan muğamlar, Qafqaz koloritini üzə çıxaran rəqslər macar tamaşaçıların diqqətini xüsusi ilə cəlb edib. Layihə Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.
Festival çərçivəsində qədim Azərbaycan şəhəri Şuşa haqqında məlumatların və erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağla bağlı həqiqətlərin macar ictimaiyyəti və festival iştirakçıları arasında yayılmasına xüsusi diqqət yetirilib.
Döndöş şəhərinin meri Laslo Faraqo və Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov arasında keçirilən görüşdə gələcək əməkdaşlıq yolları müzakirə olunub, merin başçılığı ilə Döndöş nümayəndə heyətinin bu ilin payızında Azərbaycana səfəri ilə bağlı razılıq əldə edilib.