...

Jalə Əliyeva: Azərbaycanda reklamlara nəzarət edən daimi qurum yaradılmalıdır

Cəmiyyət Materials 24 Sentyabr 2013 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend, müxbir M.Əliyev/

Milli Məclisin Mədəniyyət komitəsi "Reklam haqqında" qanuna təkliflər hazırlayıb.

Millət vəkili, Azərbaycan Parlamentinin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva çərşənbə axşamı Trend-ə bildirib ki, Milli Məclisin İqtisadi siyasət komitəsində hazırlanan "Reklam haqqında" qanun layihəsinə Mədəniyyət komitəsində də baxılması təklif olunur: "Reklam həm də mədəniyyət işidir. Hazırda reklamların dilində, stilistikasında problemlər çoxdur. "Reklam haqqında" qanun layihəsində reklamın dili ilə bağlı məsələlər Mədəniyyət komitəsi tərəfindən baxılmalıdır".

Jalə Əliyeva, həmçinin bildirib ki, reklamlardakı səhvlərə nəzarət edən qurumun fəaliyyəti də qanunvericilikdə öz əksini tapmalıdır: "Milli Məclisin ötən sessiyasında xüsusi reklam polisinin yaradılması təklifini irəli sürmüşdük. Artıq reklam lövhəciklərinin dilinə nəzarət edən işçı qrupu yaradılıb və bu məsələ nəzarət altındadır. Lakin bunun qanunvericilik səviyyəsində möhkəmləndirilməsinə və daimi qurumun yaradılmasına ehtiyac var".

Qeyd edək ki, Milli Məclisdə hazırlanan "Reklam haqqında" qanun layihəsi 4 fəsil, 38 maddədən ibarətdir. Burada reklama dair ümumi və xüsusi tələblər, məhdudiyyətlər müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti