Azərbaycan, Bakı, 1 oktyabr/ Trend, müxbir İ.İsabalayeva/
Müstəqil Dövlətlər Birliyinin (MDB) medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı gələn il Bakıda keçiriləcək.
Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, bu barədə qərar qurumun sentyabrın 27-dən 29-dək Ukraynanın Odessa şəhərində keçirilən illik toplantısında qəbul edilib. Qərara əsasən, şəbəkəyə sədrlik ölkəmizə keçib. Qurumda təmsil olunan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qarşıdakı bir il müddətində şəbəkəyə sədrlik edəcək.
Qeyd edək ki, Odessada baş tutan illik toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətilə bağlı məruzə edib. Toplantıda, həmçinin özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri müzakirəyə çıxarılıb.