Azərbaycan, Bakı, 4 oktyabr /Trend /
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Trend-ə cümə günü nazirlikdən daxil olan məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Xəlilov Oruc Məmməd oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib. Belə ki, mağazanın giriş hissəsində "40% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (endirimli qiymətin) qeyd olunmadığı müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.
Məlumata görə, bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və fiziki şəxs Oruc Xəlilov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.