...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “YARAT!”-ın layihəsinin təqdimatında iştirak edib (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2013 23:29 (UTC +04:00)
Oktyabrın 5-də “YARAT!” Müasir İncəsənət Məkanı “Zavod” layihəsini təqdim etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “YARAT!”-ın layihəsinin təqdimatında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Oktyabrın 5-də "YARAT!" Müasir İncəsənət Məkanı "Zavod" layihəsini təqdim etmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova layihə barədə məlumat vermişdir. Bildirmişdir ki, layihənin ərsəyə gəlməsi nəticəsində tədbir iştirakçıları neçə illərdir işini dayandırmış Bakı məişət kondisionerləri zavodunun canlandığını görürlər. İlk baxışdan adi görünən zavodun daxilində sanki hansısa bir sirr, qüvvə vardır ki, bunu təsvir deyil, hiss etmək mümkündür. Məkanın seçilməsi də təsadüfi olmamışdır. Çalışmışıq ki, gənc rəssamlar həm yaradıcılıq sərbəstliyi ilə əhatə olunsunlar, həm də belə bir məkanda işlərini təqdim etsinlər.

Bu gün "YARAT!" Müasir İncəsənət Məkanının 2 yaşının tamam olduğunu deyən Aida Mahmudova bu müddətdə təşkilatı dəstəkləyənlərə, gənc rəssamlara və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.

Rəssam və kurator Faiq Əhməd sərginin əhəmiyyətindən və gənc sənətkarların böyük zəhmət və enerji ilə işə qatıldıqlarından danışmışdır.

"Zavod" layihəsi qeyri-muzey və alternativ məkanların seçilməsində "YARAT!" Müasir İncəsənət Məkanının yeni addımıdır.

Sərgi uzun illərdir fəaliyyətini dayandırmış Bakı məişət kondisionerləri zavodunda keçirilmişdir. Layihədə 29 gənc rəssam və dizayner iştirak etmişdir.

"YARAT!" qeyri-kommersiya təşkilatı artıq bir neçə dəfə eksperimental meydançalarda təşəbbüslərini həyata keçirmişdir. Əvvəllər art-intervensiya və performanslar gəmi təmiri zavodunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı meydan və metronun "Gənclik" stansiyasının yaxınlığındakı tikintisi tamamlanmamış binada ərsəyə gəlmişdir.
Sovet dövründə Bakıda istehsal olunun kondisionerlər Azərbaycan və qonşu respublikaların bütün sakinlərinin mənzillərinin sərinliyini təmin edirdi. Lakin SSRİ dağılandan sonra müəssisə fəaliyyətini dayandırmışdır. Boş istehsal sahələri və donmuş dəzgahlar rəssamların birgə səyi nəticəsində yenidən qısa müddətə də olsa canlanaraq, yeni dövrün rəngi və enerjisi ilə əvvəlki ab-havanı yaratmışdır.

Zavodun transformasiyasında Anar Şəmsiyev, Ruslan Ağazadə, Arif Əmirov, Arzuman Mirzəsoy, Aydan Mirzəyeva, Ayna Musayeva, Butunay, Çingiz Mehdiyev, Elturan Məmmədov, Elvin Nəbizadə, Emin Əzizbəyli, Fəxri Qurbanlı, Fəridə Rəcəbova, Fərhad Fərzəliyev, Fidan Abdullazadə, Günel & Zak, Həbib Səhər, İrina Berezina, Lalə Qasım, Mehriban Şəmsəddinskaya, Nərmin Hümbətova və Ali Hüseyn Bağırov, Nəzrin Məmmədova və Diana Haciyeva, Samir Salahov, Səyyarə Neymətova, Vüsalə Abdullayeva və Zamir Süleymanov iştirak etmişlər.

"Zavod" layihəsi "YARAT!" təşkilatı tərəfindən düşünülmüş və Venesiya Beynəlxalq Biennalesində və Şarja İslam İncəsənəti Festivalında Azərbaycanı təmsil edən istedadlı rəssam və kurator Faiq Əhmədin rəhbərliyi altında həyata keçirilmişdir.

Layihəyə "ARTIM" gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində "Bank Technique" ASC sponsorluq edir.

Sərgi noyabrın 15-dək davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti