Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
"Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun "Park Bulvar" AVM-də həyata keçirdiyi "Mənim Prezidentim günləri" kampaniyası artıq yekunlaşıb. Trend-in məlumatına görə, Təşəbbüs Qrupu möhtəşəm bir bağlanış mərasimi keçirərək, "Park Bulvar" AVM-i bütünlüklə qırmızı rəngə "boyayıb".
Belə ki, bir qrup gənc Təşəbbüs Qrupunun üzvləri AVM-in ziyarətçilərinə qırmızı zərflərdə arzular çatdırıblar. Tədbir çərçivəsində gənclər Tünzalə Ağayevanın ifa etdiyi "Mənim Prezidentim" himninin sədaları altında əllərindəki qırmızı lentlərlə rəqs ediblər. Sonda 400 gənc əllərindəki qırmızı lenltəri dörd mərtəbədən aşağı sallayaraq AVM-i bütünlüklə qırmızı "yağışa boyayıblar".
Xatırladaq ki, "Park Bulvar" AVM-də "Mənim Prezidentim" günləri 9 sentyabr 2013-cü ildə başlayıb. Bir aya yaxın müddətdə Təşəbbüs Qrupu AVM-də bir sıra kampaniyalar həyata keçirib. Bunlardan ilki kampaniyanın açılış mərasimində məşhurlarla görüş olub. "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupuna dəstək olan bir çox məşhur simalar bir araya gələrək həm gənclərlə görüşüb, həm də "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupuna dəstəklərini bir daha göstəriblər.
Bundan başqa, Təşəbbüs Qrupu fəaliyyəti çərçivəsində "Azərbaycanın inkişafı - 10 il" adlı fotosərgi keçirib. Təşəbbüs Qrupu, həmçinin "Mənim Prezidentim"ə sual kampaniyası keçirərək, gənclərin Prezident İlham Əliyev cənablarına sual ünvanlamaları üçün şərait yaradıb. Keçirilən kampaniyaya eyni zamanda "Mənim Prezidentim"in 10 illik fəaliyyəti ilə bağlı müsabiqələr də aiddir.
Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu Azərbaycan Prezidentinin son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədi ilə yaradılıb. Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək üçün fb.com/mypresident.az səhifəsinə və qoşulmaq üçün www.mp2013.az səhifəsinə daxil olmaq kifayətdir.