Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları bu ilin yanvar-avqust ayları ərzində yeyinti sahəsində işləyən 592 sahibkarı inzibati qaydada cərimələyib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu ilin yanvar-avqust aylarında cərimələri ödəməyən 66 müəssisə ilə bağlı istintaq orqanlarına müraciət edilib.
Hesabat müddətində 180 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 208 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 7044, mikrobioloji göstəricilərinə görə 6455, toksikoloji göstəricilərinə görə 1814, radioloji göstəricilərinə görə isə 188 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 94-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.