Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir M.Əliyev/
Ukraynanın Dnepropetrovsk vilayətinin Maqdalinovsk rayonunun Kovpakovka kəndində Azərbaycan əsilli fermer Xosrov Hüseynov tərəfindən kəndin banisi, kazak atamanı Afanas Kovpakın şərəfinə ucaldılmış abidənin açılışı olub.
Ukraynanın Azərbaycan Gəncləri Birliyindən (SAMU) Trend-ə verilən məlumata görə, mərasimdə vilayət administrasiyasının rəsmi şəxsləri, Ali Rada deputatları, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Maqdalinovsk Rayon İcra Hakimiyyəti başçısının müavini Vladimir Masiç çıxışında burada yaşayan azərbaycanlı tərəfindən ataman A.Kovpakın şərəfinə abidənin ucaldılmasını təqdirəlayiq hal hesab edib.
Ali Radanın deputatı Nikolay Savrasenka isə Ukrayna və Azərbaycan xalqları arasında tarixi dostluqdan danışıb və buna misal kimi Azərbaycan xalqının oğlu tərəfindən Ukrayna qəhrəmanına ucaldılmış abidəni göstərib. O xatırladıb ki, iki il əvvəl Dnepropetrovsk vilayətinin deputatı Fəxrəddin Muxtarovun təşəbbüsü ilə Rudka kəndində Sovet İttifaqı qəhrəmanı, bu ərazilərdə faşistlərə qarşı döyüşən Mikayıl Ələkbərovun şərəfinə də abidə ucaldılmışdı.
Tədbirdə, həmçinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Dnepropetrovsk vilayətinin deputatı F.Muxtarov və digərləri də çıxış edərək Ukrayna və Azərbaycan arasında əlaqələrin sürətlə inkişafını, Azərbaycan icmasının Ukraynanın ictimai-siyasi və iqtisadi həyatında aktiv iştirakını qeyd ediblər.
Kovpakovka kəndinin sosial problemlərinin həllinə verdiyi töhfəyə görə X.Hüseynova vilayət administrasiyasının fəxri fərmanı təqdim edilib.