Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi hökumətə himayədar ailəyə uşağın saxlanması üçün ayda 120 manat, qayğının göstərilməsi müqabilində isə 50 manat həcmində əməkhaqqı verilməsini təklif edib. Bu barədə Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, himayədar ailələrə uşağın saxlanması üçün maliyyə vəsaiti verilməlidir. Hazırda himayədar ailələrin maliyyələşmə mexanizmi aidiyyəti qurumlarla müzakirə olunur. Maliyyələşmə mexanizmi müəyyənləşdikdən sonra uşaqların himayədar ailələrə verilməsi prosesi həyata keçiriləcək.
Xəzər rayonu ərazisindəki müəssisələrdə yaşayan uşaqlar içərisindən himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilib. Rayon ərazisində aparılmış təbliğat kampaniyası nəticəsində himayədar ailə olmaq istəyən 50-dən artıq namizəd ailənin qeydiyyatı aparılıb. Himayədar ailələrə seçim zamanı qoyulan tələblər Ailə Məcəlləsinin 144-cü maddəsinə əsasən aparılacaq.
Qeyd edək ki, himayədar ailələrə uşağın saxlanması üçün maliyyə vəsaiti verilməlidir. Himayədar (foster) qayğı uşağın ailə mühitində tərbiyə olunmaq üçün müəyyən müddətə müqavilə əsasında himayədar ailəyə verilməsidir. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər.