Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Filippini vuran "Hayyan" qasırğası 2013-cü ilin ən güclü tufanı hesab edilir.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təbii fəalkətlə əlaqədar evlərindən təxliyə edilmiş 125 mindən çox filippinli xüsusi möhkəmləndirilmiş sığınacaqlara yerləşdirilib. Onlar ölkənin 22 əyalətinin sakinləridir.
Qasırğa ilə əlaqədar məktəblərdə dərslər təxirə salınıb, hava və dəniz əlaqəsi kəsilib.
Tufan artıq Filippinin mərkəzi hissəsini cənginə alıb. Samar və Leyte adalarında elektrik enerjisi xətləri tamamilə sıradan çıxıb. Bir sıra avtomobil yollarında hərəkət dayanıb.
Qasırğa zonasında küləyin sürəti saniyədə 76,4 metrə çatır.
"Hayyan" qasırğası küləyin gücünə görə "rekordçular" hesab edilən "Kamilla" (1969-cu ildə Atlantik okean sahillərini vuran) və "Allen" qasırğalarını (1980-ci ildə ABŞ, Meksika və Karib adalarını vuran) ötə bilər. Həmin qasırğalar zamanı küləyin sürəti saniyədə 84,7 metr təşkil edib.
"Hayyan" qasırğası dəyişkəndir və şimal-qərb istiqamətində saniyədə 8 metr sürətlə irəliləyir. Bu isə saatda təxminən 29 km deməkdir. Bu templə tufanın Laos və Vyetnama çatacağı gözlənilir.