Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbirlər İ.İsabalayeva, S.Əhmədova/
Bu gün Bakıda İslam, Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin "İslam dünyasında uşaqlar və urbanizasiya problemləri" adlı IV konfransı öz işinə başlayıb.
Trend-in məlumatına görə, konfrans çərçivəsində noyabrın 8-9-da ekspertlərin iclasları, noyabrın 11-12-də isə Nazirlər Konfransı olacaq. Konfransda 10 beynəlxalq təşkilat və 51 ölkə iştirak edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, ekspertlərin görüşündə çox məhsuldar müzakirələr aparılacaq.
Onun sözlərinə görə, son illərdə Azərbaycan bir çox dünyamiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Bu tədbirin Bakıda keçirilməsinə görə İSESCO-ya minnətdarlıq edən A.Sofiyeva qeyd edib ki, urbanizasiya 21-ci əsrin fenomenlərindəndir. Aparılmış tədqiqatlar onu göstərir ki, 2050-ci ilə kimi dünya əhalisinin hər 10 nəfərindən 7-nin şəhər əhalisi olacağı gözlənilir: "Bu, hər birimizi düşündürməlidir. Çünki urbanizasiya proseslərinin müsbət və mənfi amilləri var. Urbanizasiyanın xüsusilə uşaqlara mənfi təsiri var".
Azərbaycanın dövlət siyasətində uşaq problemlərinin prioritet məsələ olduğunu deyən A.Sofiyeva qeyd edib ki, ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı bir çox sənədlər imzalanıb. Bu sənədlər uşaqların lazımi səviyyədə təhsil almasına, onlara qayğı göstərilməsinə yönəlib. Erkən nikahların, məişət zorakılığının qarşısının alınması istiqamətində qəbul edilən qanunlar da ana-uşaq ölümü, məişət zoraklığı faktlarının azalmasına səbəb olub.
İSESCO-nun eksperti Sadıq Rəşid bildirib ki, uşaqlar və urbanizasiya problemləri təcili tədbirlərin görülməsini tələb edir.
Onun sözlərrinə görə, islam ölkələrinin 7 faizi urbanizasiya prosesindən keçib. Afrikada bu göstərici daha yüksəkdir. 11 islam ölkəsində isə urbanizasiya prosesinin göstəricisi 70 faizdən yuxarıdır: "Bunun uşaqlar üçün mənfi nəticələri var. İslam ölkələrində uşaqlara adekvat qayğı, təhsillə bağlı problemlər var".
S.Rəşid qeyd edib ki, hazırda İSESCO-ya üzv olan ölkələrdəki uşaqların 43 faizi şəhər mərkəzlərində yaşayır.
Onun sözlərinə görə, yoxsul ölkələrdə uşaqların peyvənd edilməsi işinin aparılması ilə bağlı problemlər var. Təxminən 2 milyon uşaq su və kanalizasiya xidməti olmadığından ölür. Təşkilata üzv ölkələrin bəzilərində Minilliyin İnkişaf Məqsədlərinin hədəflərinə nail olunub. Ancaq bəzi ölkələrdə hələ də problemlər qalmaqır.