...

Elşad İskəndərov: Azərbaycanda dini və milli azlıqların, dini icmaların hüquqlarının qorunması davam etdiriləcək (FOTO)

Cəmiyyət Materials 10 Dekabr 2013 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 2012-2013-cü illər ərzində insan hüquqları ilə bağlı 50-yə yaxın tədbir həyata keçirib. Əsasən qadın, din və insan haqları, dini və milli azlıqların, dini icmaların, dini icma üzvlərinin övladlarının, xüsusilə də kimsəsiz uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək. Trend xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Elşad İskəndərov DQİDK-nın təşkilatçılığı ilə BMT Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi münasibətilə "Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları" mövzusunda keçirilən konfransda bildirib.

E.İskəndərov deyib ki, bu gün ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm addımlar atılıb: "Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycanda dini icmaların nəinki hüquqlarının qorunması, eyni zamanda dövlət tərəfindən dəstəklənməsi istiqamətində işlər aparılır".

Onun sözlərinə görə, dövlət olmasa, xaos olsa, heç bir insan haqlarından, o cümlədən dini etiqad azadlığından və haqlarından söhbət gedə bilməz: "Azərbaycanda bütün dünyaya nümunə kimi göstərilən tolerantlıq mövcuddur. Biz bu tolerantlıqdan yalnız danışmamalı, onu həm də əməlimizdə, real həyatda göstərməliyik".

Konfransda Milli Məclisin üzvləri, ölkədəki dini konfessiyaların rəhbərləri, dini icma sədrləri və din xadimləri, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edirlər. İştirakçılar ölkədə vicdan azadlığının təmin olunması sahəsində həyata keçirilmiş tədbirlər və dini icmaların insan hüqüqlarının qorunmasında rolu sahəsindəki məsələləri müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti