Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycan ərazisində hava şəraiti soyuq və küləkli keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, dekabrın 11-i günün ikinci yarısında qərb rayonlarından başlayaraq hava şəraiti yenidən soyuqlaşacaq. Əsasən dekabrın 12-də ölkə ərazisində hava şəraiti soyuq və küləkli keçəcək. Havanın arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Arabir güclü şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında dekabrın 12-də gecə və gündüz 0-3 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 12-də hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar və qar yağacaq. Ayrı-ayrı rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, bəzi yerlərdə 18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta gözlənilir.
A.Verdiyev deyib ki, dekabrın 13-də artıq hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Həmin gün Bakıda gündüz şimal küləyi mülayimləşəcək. Havanın temperaturu dekabrın 13-də gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacaq.