Azərbaycan, bakı, 29 yanvar /Trend/
Gəncə şəhərində abadlaşdırma və yol strukturunun yenidən bərpası ilə bağlı işə başlanılıb.
Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədov bildirib ki, hazırda eni 10 metr olan Kimyaçılar küçəsi genişləndirilərək 24 metrə çatdırılacaq. Küçənin səkiləri yenidən qurulacaq və yolun işıqlandırılması üçün dirəklər yolun orta hissəsində qoyulacaq.
Tam müasir görkəm alacaq küçənin başlanğıcında olan dairədə 14 metr diametrində və 12 metr hündürlüyündə fəvvarə inşa ediləcək.
Adıçəkilən küçədə yol yatağının tikintisi məqsədilə 3 metrə qədər dərinlikdə olan torpaq qatı qazılaraq götürülür və yerinə qum-çınqıl qarışığı əlavə edilir.
Bundan başqa Kimyaçılar küçəsinin sağ hissəsində təxminən 1,5 hektar ərazidə parkın salınması nəzərdə tutulub. Abadlaşdırılmasına başlanılan 2300 metr uzunluğunda olan yolun Tağı Arani və Şah İsmayıl Xətai prospekti ilə kəsişmələrini əhatə edən yollara da asfalt salınacaq.
Qeyd edək ki, yolun abadlaşması həm tıxacların qarşısını alacaq, həm də sürücülərin rahatlığını təmin edəcək.