...

Bakı Ali Neft Məktəbində Gənclər Günü münasibəti ilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2014 11:10 (UTC +04:00)
Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Günü münasibəti ilə tədbir keçirilmişdir.
Bakı Ali Neft Məktəbində Gənclər Günü münasibəti ilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Günü münasibəti ilə tədbir keçirilmişdir.

BANM-dən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, ATGTİ-nin bir qrup üzvləri, Bakı Ali Neft Məktəbində "Gənc Neftçilər" adlı respublika üzrə keçirilən olimpiadanın qalibləri, habelə Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə iştirak edən qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluq hissi keçirdiyini ifadə etmiş və gəncləri qarşıdan gələn Gənclər Günü münasibəti ilə təbrik etmişdir.

Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında ətraflı məlumat verən E.Qasımov bildirmişdir ki, bu ali təhsil olacağı yeni yaranmasına baxmayaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013- cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və ali məktəblər arasında mütləq lider olmuşdur.

E.Qasımov qeyd etmişdir ki, "Neft kapitalını insan kapitalına çevirək" şüarı ölkə başçısının təhsilə verdiyi önəmin bariz göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən "Gənclər siyasəti"nin əhəmiyyətindən və önəmindən bəhs edən E.Qasımov bildirmişdir ki, bu gün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə bir lider kimi yetişməsi üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılmışdır və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir.
Bakı Ali Neft Məktəbinin kollektivini ali təhsil müəssisəsinin qısa zaman çərçivəsində əldə etdikləri uğurlar münasibətilə təbrik edən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini Tahir Süleymanov bildirmişdir ki, gənclər, xüsusən tələbə gənclər dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin və idmanın inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycanın insan potensialının özəyi olan gənclərin inkişafı və həyatda özlərini təsdiq etmələri üçün hər cür şəraitin dövlət tərəfindən yaradıldığını qeyd etən T. Süleymanov vurğulamışdır ki, hər bir gənc bu imkanlardan maksimum bəhrələnməlidir.

Bakı Ali Neft Məktəbinin kollektivini və tələbələri əldə etdikləri yüksək nəticələrə və Gənclər Günü münasibəti ilə təbrik edən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirmişdir ki, onların daxil olduqları ali məktəb yeni yaranmasına baxmayaraq, iki ildir ki, TQDK-nın tərtib etdiyi təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və bir çox göstəricilərə görə ali məktəblər arasında lider olmuşdur. Bunun yüksək nailiyyət olduğunu bildirən X.Məmmədov eyni zamanda böyük məsuliyyət olduğunu da qeyd etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 29 noyabr 2011-ci il tarixli Fərmanının əhəmiyyətindən və vacibliyindən bəhs edən X.Məmmədov qısa müddət ərzində ali məktəbin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsi olaraq yüksək nəticələr əldə edildiyini bildirmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən danışaraq qeyd etmişdir ki, çox sevindirici haldır ki, bu gün Azərbaycanda gənclərlə iş dövlət siyasətinin tərkib hissəsidir.

Azərbaycanda Avropa standartlarına tam uyğun yaradılmış Bakı Ali Neft Məktəbində olmasından məmnunluğunu ifadə edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev qeyd etmişdir ki, məhz bu cür ali təhsil ocaqlarının ölkəmizdə yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir.

Tədbirdə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov ölkəmizdə aparılan gənclər siyasəti və bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat vermişdir.

BANM-də Tələbə Gənclər Təşkilatının fəaliyyəti haqqında məlumat verən təşkilatın sədri Rəvan Adilov qeyd etmişdir ki, bu ali təhsil müəssisəsində TGT-nin fəaliyyəti yüksək səviyyədə təşkil olunmuş və demokratik əsaslarla idarə olunur. O bildirmişdir ki, Bakı Ali Neft Məktəbində tələbə gənclərin idarəetmədə iştirakı üçün tam demokratik şərait yaradılmışdır və bu ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin nümunəvi göstəricisidir. R.Adilov bildirmişdir ki, bu ali təhsil müəssisəsində təhsil alan tələbələr istər ali məktəb çərçivəsində , istərsə də ölkənin ictimai -sosial həyatında fəal iştirak edirlər. BANM-in TGT-nın həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verən R.Adilov qeyd etmişdir ki, bu yaxınlarda 3 böyük tədbir keçirilmişdir, hansı ki, bu gün burada həmin yarışların qalibləri mükafatlandırılacaqlar. O bildirmişdir ki, bunlardan biri Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının qalibi olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2013-cü ildə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində "Gənc Neftçilər" olimpiadasıdır.

Bu layihəyə əsasən, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ) və Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə ali məktəbdə respublika üzrə olimpiada keçirilmişdir. Olimpiadalar 5 istiqamət ( iqtisadi biliklər, tarix, psixologiya, tibbi biliklər və gənc neftçilər) üzrə aparılmışdır.

Həyata keçirilən "Gənc Neftçilər" olimpiadasında 1000-ə yaxın tələbə qeydiyyatdan keçmiş və olimpiadanın final mərhələsində 36 tələbə iştirak hüququ qazanmışdır.

Tədbirin sonunda BANM və ATGTİ tərəfindən "Gənc Neftçilər" olimpiadasının 3 iştirakçısına 1, 2 və 3-cü yerlərin qaliblərinə və digər 5 ən yüksək bal toplayan olimpiada iştirakçısına, 3 nəfər şahmat turnirinin qaliblərinə, futbol yarışmasında iştirak edən 1, 2 və 3-cü yerləri qazanmış komandaların oyunçularına, habelə ölkəmizdə ekologiyanı qoruyaq ideyasına dəstək kompaniyası çərçivəsində " Ecoboys" video çarxının müəllifləri olan Bakı Ali Neft Məktəbinin 6 tələbəsinə diplomlar, həvəsləndirici diplomlar, sertifikatlar və hədiyyələr verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti