...

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 31 Yanvar 2014 19:13 (UTC +04:00)

Baş Prokurorluğun məlumatı əlavə olunub (ilk xəbər saat 15:46-da yayılıb)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Mehdiyev/

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 31-də prokurorluq orqanlarında vakant olan 100 ştat vahidinin layiqli gənc kadrlarla komplektləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq elan edilmiş sayca 13-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir.

Baş Prokurorluğun Müsabiqə Komissiyası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birlikdə imtahanın aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri təmin etmişdir.

Prokurorluq orqanlarında işləmək arzusunda olan 360 gənc hüquqşünasın iştirakı ilə saat 10:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri də müşahidə etmişlər.

İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları TQDK-da yoxlanılmış və müsabiqənin ikinci mərhələsi - yazılı imtahanda 105 namizədin iştirak etmək hüququ qazandığı müəyyən edilmişdir.

Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) internet saytlarında yerləşdirilmişdir.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcəkdir.

Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 492-62-23, 492-63-62, 437-28-56 və 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti