...

Bakıda Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının Sədrlər Şurasının iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2014 16:59 (UTC +04:00)
Yanvarın 31-də Bakıda Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının (Türk-İş İşçi Sendikası) səyyar iclası keçirilib.
Bakıda Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının Sədrlər Şurasının iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Yanvarın 31-də Bakıda Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının (Türk-İş İşçi Sendikası) səyyar iclası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) Trend-ə verilən məlumata görə, tədbirdə giriş sözü ilə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev iki ölkənin həmkarlar ittifaqları konfederasiyası arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

O, qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk olaraq Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq sazişi imzalayıb. Hazırda bu əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Belə ki, bir sıra beynəlxalq təşkilatda təmsil olunan bu qurumlar bir-birinə dəstək verir: "Hələ 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanan zaman Rusiya Azərbaycana təzyiq edirdi ki, neft kəməri bu ölkənin ərazisindən keçsin. Lakin Azərbaycanın yenicə müstəqillik əldə etdiyi, dövlətimizin hələ güclü olmadığı bir vaxtda ümummilli lider Heydər Əliyev qərar qəbul etdi ki, neft kəməri məhz Türkiyə vasitəsilə Avropaya çatdırılmalıdır. Bu proses Bakı-Tbilisi Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində də davam etdirildi. Sonradan cənab Prezident İlham Əilyev İzmirdə 20-dən artıq dövlətlərarası sənəd imzaladı. Bununla "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya çatdırılacaq. Layihənin icrası zamanı 30 mindən artıq yeni iş yeri açılacaq. Bu layihələrin icrası yeni iş ierlərinin açılması və əhalinin sosial rifah halının yüksəlməsi ilə nəticələnəcək".

AHİK sədrinin bildirdiyinə görə, Türkiyə iş adamları Azərbaycanda 65 milyard dollar sərmayə yatırıblar ki, nəticədə 25 min yeni iş yeri açılıb. Azərbaycanın isə Türkiyədə 850 özəl şirkəti fəaliyyət göstərir və bu şirkətlər 4,8 milyard dollar vəsait yönəldiblər. ARDNŞ İzmirdə yeni neft emalı zavodunun tikintisinə 5,5 milyard vəsait ayırıb. Bu layihələr çərçivəsində mindən artıq Türkiyə vətəndaşı işlə təmin olunacaq: "Azərbaycanın inkişafı Türkiyənin inkişafıdır. Bunu nəzərə alan Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası daim Azərbaycana dəstək verir. Konkret olaraq 2012-ci ildə "Taksim" meydanında təşkil olunan Xocalı yürüşündə Konfederasiya böyük fəallıq nümayiş etdirdi".

S.Mehbalıyev onu da vurğulayıb ki, son vaxtlar ayrı-ayrı sahə həmkarlar təşkilatları arasında münasibətlər nisbətən zəifləyib: "Hesab edirəm ki, əməkdaşlığımız mümkün qədər inkişaf etrdirilməlidir. Biz Beynəlxalq Həmkarlar Təşkilatında bir-birimizə dəstək olmalıyıq. Başqa çıxış yolumuz yoxdur".

Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ərgün Atalay isə qeyd edib ki, fəaliyyət göstərdikləri 61 il ərzində iki dəfə xarici ölkədə tədbir keçiriblər ki, bunun da hər ikisi Azərbaycanda baş tutub. Bu, Azərbaycanla Türkiyə arasında illərlə davam edən qardaşlıq münasibətinin bariz nümunəsidir.

Giriş nitqindən sonra Ə.Atalay Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis etdiyi "Döş nişanı" ilə təltif olunub. Bu nişan həmkarlar ittifaqları təşkilatlarının inkişafında xüsusi əməyi olan şəxslərə təqdim olunur.

Sonra səyyar iclas Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının 35 üzv təşkilatının sədrlərinin və sədr müavinlərinin iştirakı ilə davam etdirilib. İclasda ötən dövr ərzində görülən işlərin hesabatı dinlənilib, qarşıda duran fəaliyyət planı müzakirə edilib.

Türkiyəli qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, Şəhidlər xiyabanında vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarını və türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti