...

Bakıda "Gənc Liderlər üçün Qış Universiteti"nin açılış mərasimi olub

Cəmiyyət Materials 5 Fevral 2014 12:17 (UTC +04:00)
Bu gün Bakıda "İrəli" İctimai Birliyinin layihəsi olan "Gənc Liderlər üçün Qış Universiteti"nin açılış mərasimi olub.
Bakıda "Gənc Liderlər üçün Qış Universiteti"nin açılış mərasimi olub

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda "İrəli" İctimai Birliyinin layihəsi olan "Gənc Liderlər üçün Qış Universiteti"nin açılış mərasimi olub.

Trend-in məlumatına görə, tədbirdə birliyin sədri Rauf Mərdiyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Ceyhun Osmanlı və digər şəxslər iştirak ediblər.

R.Mərdiyev bildirib ki, layihə təşkilatın gənclər tərəfindən çox sevilən və ənənənəvi layihəsidir: "Gənc Liderlər üçün Yay və Qış Universitetləri layihələri müxtəlif sahələr üzrə onların bilik və bacrıqlarının artırılması, fəal vətəndaş kimi yetişmələri, eyni zamanda gənc liderlərdən ibarət şəbəkələrin formalaşmasını təmin edir. 2009-cu ildən başlayaraq indiyədək Qazax, Sabirabad rayonlarında "Gənc Liderlər üçün Yay Universiteti", Oğuz, Qəbələ və Gəncə şəhərlərində isə "Gənc Liderlər üçün Qış Universiteti" layihələri keçirilib. Ümumilikdə layihə Azərbaycanın ən fəal və potensiallı 600 gəncini bir araya gətirib".

İ.Babayev isə builki qış universitetinin də əvvəlki illərdəki kimi daha da maraqlı keçəcəyini və gənclərin layihədən böyük nəticələr alacağını deyib: "Düşünürəm ki, bu layihə artıq gənclər arasında öz maraq dairəsini yetərincə genişləndirə bilib. Burada komandaların adlarına da fikir verdikdə insana çox maraqlı gəlir. Adlar demək olar ki, rəmzidir və çox maraqlıdır. İnanıram ki, gənclər bu layihədən vacib təcrübələr əldə edə biləcəklər".

F.Hacıyev də layihənin gənclər arasında böyük uğur qazandığını deyərək, Gənclər Fondunun hər zaman bu cür layihələri dəstəklədiyini deyib: "İrəli" İB Gənclər Fondunun yarandığı ilk vaxtdan özümüzə tərəfdaş hesab etdiyimiz təşkilatlardandır. Çünki bu təşkilat tərəfindən hər zaman bizə maraqlı layihələr təqdim edilir. Bu cür layihələr gənclər arasında təşkil edilirsə, deməli bu, həmdə dövlət gənclər siyasətinin uğurudur. Həmçinin, dövlətimizin gənclərə verdiyi sərbəstlikdir".

C.Osmanlı isə deyib ki, hər bir gəncin ideyası dövlətçilik, vətənpərvərliklə bağlı olmalıdır: "Sözsüz ki, gənc üçün ən önəmli ona olan etimaddır. Əgər bu etimadın içində birlik, inkişaf, tərəqqi, ideya olmasa, təbii ki, onun dəyəri də qalmaz. Layihədə hər zaman iştirak edən gənclər potensiallı gənclər olub və bu layihədən sonra isə yüksək uğurlara nail olublar".

Qeyd edək layihə 5-8 fevral tarixlərini əhatə edir. 100 gənc lider 4 gün ərzində gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs, təkliflər üzərində çalışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti