...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Cəmiyyət Materials 26 Fevral 2014 15:39 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Dövlət Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan Xidmət rəisinin müavini polkovnik Zaur Abdullayev Xocalının işğalı zamanı hətta müharibə qaydalarının da pozulduğunu, bütöv bir şəhərin yer üzündən silindiyini vurğulayıb: "Bizim sıralarımızda xidmət edən döyüşlərin iştirakçısı olan zabitlərimiz daha yaxşı bilirlər ki, müharibənin öz qaydaları var və bu qaydalarda dinc əhaliyə, qadınlara, uşaqlara toxunmamaq yer alır. Amma Xocalıda biz heç kimə fərq qoyulmadığının şahidi olduq. Xocalı faciəsi məhz buna görə insanlığa qarşı cinayətlərlə eyni sırada dayanır".

Z.Abdullayev Xocalı faciəsinə hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu olduğunu qeyd edərək, Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanıtdılması istiqamətində gördüyü işlərdən söz açıb: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası öz nəticəsini verir və dünya Xocalı hadisələrini soyqırımı kimi tanıyır".

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi Cavanşir Vəliyev çıxış edərək "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən aparılan işlərdən söz açıb. O, kampaniyanın nəticəsi olaraq artıq bir neçə ölkədə Xocalı soyqırımının tanındığını vurğulayaraq, bununla kifayətlənməli olmadığımızı deyib. İdarə rəisi Komitə tərəfindən Xocalı soyqırımının dünyaya çatdırılması ilə bağlı tədbirlərin yalnız 26 fevral tarixində deyil, il ərzində həyata keçirildiyini qeyd edib.

Müstəqil tədqiqatçı Rövşən Məmmədov isə çıxışında Xocalı faciəsinin tarixindən ətraflı söhbət açıb. O, həmçinin Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdiyi "Xocalı-1992" kitabını təqdim edib.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov Xocalı soyqırımının dünyada tanıdılmasında QHT-lərin, gənclərin, tələbələrin rolundan söz açıb. Daha sonra Türkiyə Universitetləri Məzunları İctimai Birliyi tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunan sosial çarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti