Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir S.Əhmədova/
ADA Universitetində "Coca-Cola" ilə əməkdaşlıq çərçivəsində II Bahar Gənclik Festivalı keçiriləcək.
Trend-in ADA Universitetinin Kommunikasiya Departamentinə istinadən verdiyi məlumata görə, Azərbaycanda artıq iki ildir ki, ADA Universiteti və "Coca-Cola ilə" əməkdaşlıq çərçivəsində qeyd edilən Bahar Gənclik Festivalı yel çərşənbəsinə təsadüf edir. Gənclər arasında adət-ənənələrin təbliğ edilməsi, kökləri çox qədimlərə söykənən bu dəyərlərin unudulmaması və qorunaraq gələcək nəsillərə ötürülməsini qarşısına məqsəd qoyan bu festival bu il 11 mart tarixində ADA Universietində baş tutacaq. Mindən çox şagird və tələbə festival çərçivəsində Novruz süfrəsi ilə tanış olacaq, milli sənət nümunələrinin göstərildiyi sərgi ilə tanış olacaq, konsertə qulaq asmaq imkanı əldə edəcək.
Noruz bayramı Azərbaycan, İran, Əfqanıstan, Tacikistan və bir sıra Şərq ölkələrində qədim zamanlardan başlayaraq baharın gəlişini, təbiətin oyanmasını simvolizə edən qədim bir xalq bayramıdır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdi.
Azərbaycanda Novruza hazırlıq bayrama bir ay qalmış başlayır. Belə ki, bayrama qədər dörd çərşənbə qeyd edilir. Bunlar, su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsidir. Yazın gəlişinə qədər təbiətin əsas dörd ünsüründən birinin oyanmasını, canlanmasını simvolizə edən çərşənbələr baharın müjdəçisi hesab olunur.
Hər bir xalqın özünəməxsus milli, etnik çalarlarla qeyd etdiyi bu bayram Azərbaycanın adət-ənənələrinin ən önəmli hissələrindən birini təşkil edir. Papaq atmaq, süfrə bəzəmək, yumurta boyamaq və döyüşdürmək, səməni göyərtmək, xonça hazırlamaq, tonqal qalamaq, qohum-əqrəbaların bir-birinə qonaq getməsi, küsülülərin barışması və bu kimi bir sıra adət-ənənələr Novruzu xalqımızın ən sevimli bayramlarından birinə çevirib.