...

Nazim İbrahimov: Azərbaycanın düşünülmüş siyasəti onu möhkəm tərəfdaş kimi mühüm yerə çatdırıb

Cəmiyyət Materials 17 Mart 2014 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan nəinki regionda, dünya siyasətində öz yerini tutub, bu qədər qlobal sarsıntılar dövründə çox stabil, dinamik, düşünülmüş siyasəti onu möhkəm tərəfdaş kimi mühüm yerə çatdırıb. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda keçirilən beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib.

N.İbrahimov qeyd edib ki, bu sahədə xarici ölkələrdə yaşayan, beynəlxalq təşkilatlarda çalışan azərbaycanlılara çox böyük ehtiyac var: "İşimizin kontekstində sizin fəaliyyətinizə, diaspor təşkilatlarına olan yardımınıza, diaspor təşkilatlarının daha yüksək səviyyəyə çatmasında biliyinizə, qazandığınız təcrübəyə böyük ehtiyac var".

Onun sözlərinə görə, dünyanın 70-dən artıq ölkəsində azərbaycanlılar təşkilatlanıb fəaliyyət göstərirlər, Azərbaycan həqiqətlərini dünyaya, yaşadıqları ölkələrin cəmiyyətinə çatdırmaq üçün geniş istiqamətli iş görürlər.

Komitə sədri qeyd edib ki, beynəlxalq təşkilatlarda azərbaycanlıların varlığı Azərbaycanı təbliğ etmək, ölkə həqiqətlərini müəyyən mənada beynəlxalq ictimaiyyətə çatdırmaq deməkdir: "Hesab edirəm ki, siz gələcəkdə həmin təşkilatlarda azərbaycanlıların sayının artmasında yardımçı ola bilərsiniz. Dünyanın bir çox ölkələrində həmin ölkələrin siyasətinə təsir edə bilən, ümumiyyətlə dünya siyasətinin formalaşmasında iştirak edən transmilli şirkətlərdə azərbaycanlılar mühüm yer tuturlar".

N.İbrahimovun sözlərinə görə, hazırda dünyada gedən proseslər onu göstərir ki, Azərbaycan yaxın dövrdə həqiqətən də beynəlxalq səviyyədə siyasi oyunçu kimi aktiv fəaliyyət göstərəcək: "Bu fəaliyyətin içərisində də sizin hər birinizə Azərbaycanın ehtiyacı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti