Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir E.Mehdiyev/
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulmuş II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərcivəsində YUNESKO-da BMT-nın sabiq baş katibi Butros Butros Qali ilə geniş fikir mübadiləsi aparılıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, B.B.Qali Azərbaycanın dəstəklədiyi bu təşəbbüsün müxtəlif dinlər, mədəniyyətlərə məxsus olan xalqların konstruktiv dialoq altında toplanmasına böyük dəstək ola biləcəyini deyib: "Xüsusilə aprel ayında Bakıda keçirilməsi planlaşdırılan Foruma bu qədər liderin toplanması hazırda hamımızı narahat edən problemlərin müzakirə olunması üçün çox önəmli platformadır".
Azərbaycana 1994-cü ildə səfər etdiyini xatırladan B.B.Qali məmnuniyyətlə bir daha gələrək Azərbaycanın inkişafı ilə bağlı eşitdiklərini və Nizami Gəncəvi irsinin bərpası üçün görülmüş təşəbbüsləri görməkdən məmnun olacağını bildirib.