Azərbaycan, Bakı, 22 aprel /Trend/
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa Şurasının Gənclər Siyasəti sahəsində Beynəlxalq əməkdaşlıq inkişafı çərçivəsində növbəti struktura üzv seçilmişdir. ARGTMŞ-nın baş katibi Seymur Hüseynov Avropa Şurası Gənclərlə iş üzrə Proqram Komitəsinə üzv seçilmişdir.
ARGTMŞ-dən Trend-ə verilən məlumata görə, Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsi - Avropa Şurasının gənclər siyasəti sahəsində bütün proqram və büdcələrin hazırlanmasında, onlara nəzarət etmək və monitorinq aparmaqda səlahiyyətlilik statusuna sahibdir. Eyni zamanda 16 nəfərdən ibarət Proqram Komitəsinin üzvləri Avropa Gənclər Fondunun Müşahidə Şurasının səlahiyyətlərini icra edir.
Xatırladaq ki, 10 illik aradan sonra ARGTMŞ 2013-cü ildə yenidən Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilmiş və Avropa Şurasının Gənclər Siyasəti sahəsində qərar-verici orqanı olan Gənclərlə iş üzrə Birgə Şurada təmsil olunmuşdur. Məşvərət Şurası gənclərin tələblərini, ehtiyaclarını, görüşlərini özündə əks etdirir və Avropada gənclərin hüquqlarının qorunmasına xidmət edir.
Qeyd edək ki, ARGTMŞ-nın Avropa qitəsində əməkdaşlıq qurduğu əsas beynəlxalq qurumlardan biri olan Avropa Şurasında qitənin 47 ölkəsi təmsil olunur.