...

Qubada gənclər üçün “Yaz məktəbi” layihəsi uğurla keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2014 11:54 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Qubada gənclər üçün "Yaz məktəbi" layihəsi uğurla keçirilib.
Qubada gənclər üçün “Yaz məktəbi” layihəsi uğurla keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Qubada gənclər üçün "Yaz məktəbi" layihəsi uğurla keçirilib.

Fonddan Trend-ə bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə YAP Xəzər rayon təşkilatı və Xəzər İnkişaf Fondunun birgə təşkilatçılığı ilə mayın 2-dən 4-dək Quba rayonunda gənclər üçün "Yaz məktəbi" layihəsi keçirilib.

Bu məqsədlə YAP Xəzər rayon təşkilatı gənclər birliyinin 40-dan artıq fəal üzvünün Quba rayonuna səfəri təşkil edilib. Mayın 2-də "Yaz məktəbi"nin iştirakçıları Gənclər Evində qubalı həmyaşıdları ilə görüşüb, müxtəlif mövzularda fikir mübadiləsi aparıb, xatirə şəkilləri çəkdiriblər.

"Yaz məktəbi"nin iştirakçıları qubalı gənclərlə birlikdə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada gənclər ulu öndərin həyatı, fəaliyyəti və zəngin irsi, xüsusi guşələrdə uşaqlıq və gənclik dövrünü, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illəri, ailə həyatının ayrı-ayrı məqamlarını, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə yaxından tanış olublar.

Mayın 3-də gənclər YAP Quba rayon təşkilatının inzibati binası qarşısından ümummilli lider Heydər Əliyevin adını daşıyan parka qədər yürüş ediblər. Onlar burada ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Elə həmin gün "Yaz məktəbi" layihəsinin iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanış olublar.

Məlumat verilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər vardır. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımlar barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü işlər, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.

Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında "Heydər Əliyev Fondunun 10 illiyi və Azərbaycan gəncliyi" mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə respublikamızla yanaşı, dünyanın əksər ölkələrində də silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev həyatı boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb.

Müstəqilliyimizin möhkəmləndirilməsinin, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsinin, demokratik-hüquqi, vətəndaş cəmiyyətinin yaradılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu gənclərin diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin praqmatik fəaliyyəti sayəsində Azərbaycan dünyanın sürətli inkişaf edən ölkələri sırasına daxil olub.

Bildirilib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərin himayədarı olub, onların problemlərini daim diqqət mərkəzində saxlayıb, gənc nəslin sağlam ruhda tərbiyə olunması, onların zamanın tələbinə uyğun hərtərəfli inkişaf etməsi üçün bir sıra mühüm işlər həyata keçirib. Əsası ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir.

Xəzər İnkişaf Fondunun direktoru İlqar Mustafayev "dəyirmi masa"da müzakirə olunan mövzunun gənclərimiz üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş ulu öndərin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. Gənclərin diqqətinə çatdırılıb ki, 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etməklə, ölkənin sosial-iqtisadi inkişafına böyük töhfə verməkdədir.

Çıxışlarda gənclərə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən YAP Xəzər və Quba rayon təşkilatlarının gənclər birliklərinin üzvləri Heydər Əliyev Fondunun Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli liderin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələr reallaşdırdığını diqqətə çatdırıblar.

Gənclər "Yaz məktəbi"nin onların həyatında unudulmaz anlarla yadda qalacağını, bu layihə nəticəsində mehriban dostlar qazandıqlarını məmnunluqla qeyd ediblər.

Günün ikinci yarısında "Yaz məktəbi"nin iştirakçıları "İKT-nin müasir imkanlarından səmərəli istifadə-sosial şəbəkələr" mövzusunda keçirilmiş seminarda qarşılıqlı fikir mübadiləsi aparıblar.

Gənclər layihə çərçivəsində Quba rayonun görməli yerlərinə səfər edib, müxtəlif idman yarışlarında qüvvələrini sınayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti