Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İsabalayeva/
Bakı Şəhəri Təhsil İdarəsi iyun ayında paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sınaq qiymətləndirilməsini həyata keçirəcək.
Trend-in məlumatına görə, BŞTİ müdirinin birinci müavini Elnur Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, sınaq qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq: "Sınaq qiymətləndirilməsinin fənn istiqaməti müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilmənin metodika istiqaməti üzrə tapşırıqları kurikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir. Kommunikativ qabiliyyətə dair sorğu isə müəllimlərin şagirdlərlə ünsiyyət qurma, özünü idarəetmə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir".
BŞTİ rəsmisinin sözlərinə görə, sınaq qiymətləndirilmə diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. Qiymətləndirmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcək.
E.Әliyev deyib ki, sınaq qiymətləndirilmə ilə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyerada inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sisteminin yaradılmasına başlamaq nəzərdə tutulur.
Qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin peşə fəaliyyəti, stimullaşdırıcı meyarlar da dəyərləndiriləcək və yeni yanaşmaya uyğun yeni təlim proqramları hazırlanacaq. Bu proses, həmçinin müəllimlərin ixtisasartırması və yenidən hazırlanması üçün əlavə imkanlar yaradacaq, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edəcək, əmək fəaliyyəti və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaq.