...

AMEA Rəyasət Heyətinin geniş iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 14 May 2014 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasında Rəyasət Heyətinin geniş iclası keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə öncə kitabxananın yeni binası haqqında məlumat verib.

A.Əlizadə qeyd edib ki, Mərkəzi Kitabxananın yeni binası ölkə başçısının "Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən, kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulması məqsədi ilə inşa olunub.

AMEA rəhbəri Mərkəzi Kitabxananın respublikada milli və dünya əhəmiyyətli elmi nəşrlərə malik olan ən iri, həmçinin regionda aparıcı elmi kitabxana olduğunu bildirib, burada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahələrində fəaliyyətin təşkil edildiyini vurğulayıb: "Ölkədə fəaliyyət göstərən kitabxana, fond, muzey, təhsil ocaqları, elmi-tədqiqat müəssisələri, media qurumları, arxivlər, şəxsi kolleksiyalar, dövlət foto arxivi, həmçinin dünya muzeyləri və sərgi salonlarının Azərbaycana aid məlumatlarının elektron kataloqu yaradılacaq və "Milli rəqəmsal yaddaş" bazasına daxil ediləcək".

Daha sonra çıxış edən Mərkəzi Kitabxananın İnformasiya Resursları Mərkəzinin direktoru Leyla İmanova deyib ki, bina müasir infrastrukturla təmin edilib, elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları tətbiq olunub: "Kitabxana 4 milyona qədər kitabı saxlamağa imkan verir".

İclasda AMEA üzvlüyünə seçkilərə hazırlıq, nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkili, Azərbaycan alimlərinin I qurultayının keçirilməsi haqqında qərarlar qəbul edilib.

Tədbirdən sonra Mərkəzi Kitabxananın yeni binası ilə tanışlıq üçün ekskursiya keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti