...

Bu ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə tam təminatı başa çatdırılıb (FOTO)

Cəmiyyət Materials 26 May 2014 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

Mayın 26-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 01 yanvar 2014-cü il tarixədək xüsusi nəqliyyat vasitəsi ilə təmin edilmək üçün növbədə olan daha 157 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə "Naz-Lifan" markalı minik avtomobillərini təqdim edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avtomobillərin təqdim olunması mərasimində vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamı Nazirlik tərəfindən qısa müddət ərzində icra olunub. Sərəncamla dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,0 (beş) milyon manat əlavə vəsait ayrılıb. Bu vəsait hesabına cari ilin əvvəlinədək növbəyə durmuş 657 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin dövlət tərəfindən pulsuz xüsusi avtonəqliyyatla tam təminatı son iki ay ərzində başa çatdırılıb.

Azərbaycan Prezidentinin ötən ay imzaladığı "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı bu kateqoriyalardan olan əlillərin də xüsusi nəqliyyat vasitələri ilə təminatında yeni mühüm irəliləyişə təminat verir. Sərəncama əsasən, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilin əvvəlinədək növbəyə durmuş bu kateqoriyalardan olan şəxslərin də dövlət tərəfindən avtonəqliyyatla tam təminatı həyata keçiriləcək. Artıq nazirlik tərəfindən bununla bağlı müvafiq işlər aparılır. Gələn aydan həmin şəxslərə də avtomobillərin verilməsinə başlanacaq və bu proses də bir neçə ay ərzində yekunlaşacaq.

Tədbirdə əlilliyi olan şəxslər onlara dövlət qayğısının artırılması, onların minik avtomobilləri ilə tam təmin olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlarda bir-birinin ardınca imzaladığı fərman və sərəncamlardan razılıqlarını ifadə ediblər. Çıxış edənlər bu sənədlərin son 10 ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan məqsədyönlü siyasətin uğurlu davamı olduğunu vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti