Azərbaycan, Bakı, 5 iyun /Trend/
İyunun 5-də prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant olan 100 ştat vahidi üzrə elan edilmiş işə qəbulun növbəti yazılı imtahan mərhələsi keçirilib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı 30-a yaxın hökumət, qeyri-hökumət və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yolu olmaqla bərabər, həm də xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyularaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə tam uyğun şəkildə aparılır. 2002-ci ildən başlayaraq prokurorluğa işə qəbulun bu yolla həyata keçirilməsi kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olub.
Müsabiqə yolu ilə işə qəbul edilmiş gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 52 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifələrini nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 553 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən 2 sentyabr 2013-cü il tarixdə prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant olan 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin tələblərinə cavab verən 373 namizədin (onlardan 53-ü qadın) sənədləri qəbul edilərək müsabiqənin ilkin mərhələsi olan test imtahanına buraxılıb, onlardan 360 nəfəri 31 yanvar 2014-cü il tarixdə keçirilmiş test imtahanında iştirak etməklə 105 nəfəri müvəffəqiyyət qazanaraq növbəti yazılı imtahan mərhələsində iştirak etmək hüququ əldə edib.
Müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 99 namizəddən 15 nəfəri qadın olmaqla, 72-si Bakı Dövlət Universitetinin, 10-u Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 8-i Naxçıvan Dövlət Universitetinin, 9-u isə digər ali təhsil müəssisələrinin məzunudur. Onlardan 5 namizəd magistraturanı bitirib, 16-sı hazırda magistratura pilləsində təhsil alır, 14 namizəd isə ali təhsil müəssisələrini fərqlənmə ilə bitirib.
"Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq, eyni zamanda, bu barədə məlumatlar Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdiriləcək.