...

Gürcüstanın Baş naziri azərbaycanlıların məskunlaşdığı regionun problemləri ilə tanış olub

Cəmiyyət Materials 5 İyun 2014 16:28 (UTC +04:00)
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlıların məskunlaşdığı Kvemo-Kartli regionuna səfəri çərçivəsində Görarxı kəndində istixana təsərrüfatına baxış keçirib.
Gürcüstanın Baş naziri azərbaycanlıların məskunlaşdığı regionun problemləri ilə tanış olub

Gürcüstan, Tbilisi, 5 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlıların məskunlaşdığı Kvemo-Kartli regionuna səfəri çərçivəsində Görarxı kəndində istixana təsərrüfatına baxış keçirib. Trend-in məlumatına görə, istixana güzəştli aqrar kredit çərçivəsində tikilib.

İstixana barədə hökumət başçısı ilə təsərrüfatın sahibi Abbas Musayev danışıb. Onun məlumatına görə, istixana 1,7 ha ərazidə tikilib və onun məhsuldarlığı ildə 300-400 ton tərəvəz təşkil edir.

Gürcüstanın Baş naziri diqqəti kənd təsərrüfatının inkişafının vacibliyinə yönəldib. İ.Qaribaşvili bildirib ki, kənd təsərrüfatı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, bu sahəyə yardım üçün hökumət bir neçə proqram hazırlayıb.

Marneuli bələdiyyəsinin Görarxı kəndində istixana təsərrüfatı fərdi sahibkar A.Musayev tərəfindən kənd təsərrüfatı krediti çərçivəsində alınan 250 000 ABŞ dolları müqabilində tikilib. 13 faizlik kreditin 12 faiz dərəcəsi Kənd təsərrüfatı layihələrinin idarə edilməsi Agentliyi tərəfindən ödənilir, sahibkarlar cəmi illik 1 faiz ödəyirlər.

İ.Qaribaşvili Kulari kəndinin sakinləri ilə də görüşüb və onların problemləri ilə tanış olub.

Yerli sakinlər Baş nazirdən yol və içməli su ilə bağlı problemləri həll etməyi, eləcə də evlərinə qaz çəkilməsini xahiş ediblər. Baş nazir həmin problemlərin vaxtında həll ediləcəyinə söz verib.

İ.Qaribaşvili, habelə yerli pedaqoqlara əməkhaqlarına edilən əlavələrin yubadılmasının səbəblərini araşdıracağına söz verib.

Baş nazir, həmçinin yaxın gələcəkdə açılacaq elektrik cihazlarının istehsalı üzrə Gürcüstan-Azərbaycan şirkətinə baş çəkməyi də planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti