...

YAP Nizami rayon təşkilatı Milli Qurtuluş Gününü Eko-parkda qeyd edib (FOTO)

Cəmiyyət Materials 12 İyun 2014 17:37 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının fəalları və rayon ictimaiyyəti nümayəndələri 15 iyun – Milli Qurtuluş Gününü Eko-parkda qeyd ediblər.
YAP Nizami rayon təşkilatı Milli Qurtuluş Gününü Eko-parkda qeyd edib (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının fəalları və rayon ictimaiyyəti nümayəndələri 15 iyun - Milli Qurtuluş Gününü Eko-parkda qeyd ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çüçək dəstələri düzüblər və Eko-parkda yaradılmış şəraitlə tanış olublar.

Məlumat verilib ki, parkın yaradılmasında əsas məqsəd cəmiyyət-ekologiya münasibətlərinin müasir formasını ortaya qoymaq, ekoloji təbliğat, ekoloji tərbiyə və ətraf mühitin qorunmasını təbliğ etməkdir.

Sonra 15 iyun - Milli Qurtuluş Günü münasibətilə simvolik ağacəkmə mərasimi keçirilib.

Daha sonra Eko-mərkəzdə davam edən tədbirdə çıxış edən ARDNŞ-nin Ekologiya İdarəsinin rəis müavini Əflatun Həsənov Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 21 il keçdiyini xatırladaraq, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb.

Fikirlərini tədbir iştirakçıları ilə bölüşən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova görkəmli dövlət xadimi və böyük siyasətçi Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edib. Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirən G.İsrafilova qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov qeyd edib ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını qoyub və Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açıb, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Şura üzvü Fizuli Hacıyev, gənc partiya fəalı Rəsul Əlizadə və digərləri bildiriblər ki, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb.

Çıxış edənlər 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.

Tədbirin sonunda yeni partiya üzvlərinə vəsiqələr, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev irsini öyrənirik" məktəbinin məzunlarına sertifikatlar və fəxri fərman təqdim edilib, həmçinin, 15 iyun - Milli Qurtuluş Gününü simvolizə edən flaşmob keçirilib və sülh rəmzi olan göyərçinlər uçurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti