...

Azərbaycanda mini-muzeylərin yaradılması təklif edilir

Cəmiyyət Materials 19 İyun 2014 13:40 (UTC +04:00)
Azərbaycanda şagirdlər arasında elmi, mədəniyyəti və incəsənəti təbliğ etmək məqsədilə orta məktəblərin nəzdində mini-muzeylərin yaradılması təklif edilir.
Azərbaycanda mini-muzeylərin yaradılması təklif edilir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda şagirdlər arasında elmi, mədəniyyəti və incəsənəti təbliğ etmək məqsədilə orta məktəblərin nəzdində mini-muzeylərin yaradılması təklif edilir. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi Nəzmin Cəfərova "Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu" mövzusunda keçirilən IV respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələ respublikanın paytaxtından kənardakı məktəblər üçün daha aktualdır. Çünki orada yaşayan şagirdlərin davamlı olaraq muzeylərə getməyə imkanları olmur.

N.Cəfərova deyib ki, mini-muzeylərin təşkili üçün ilk növbədə pilot məktəblər seçmək lazımdır. Humanitar yönümlü məktəb və liseylərdə ədəbiyyat, tarix və bədi profilli istiqamətlər, texniki yönümlü məktəblərdə isə dəqiq elm və texniki yönümlü mini-muzeylər açmaq olar: "Hesab edirəm ki, bu işdə təhsil sistemi ancaq udacaq. Dünya ölkələrində hətta bağçalarda da mini-muzeylər təşkil olunur. Bu da uşaqların erkən yaşlarda təbiətə, tarixə, mədəniyyətə, əməyə marağının artmasına səbəb olur".

N.Cəfərova bildirib ki, Avropa ölkələrində məktəb muzeylərinin əhatə dairəsi genişdir. Xarici ölkələrdə 700-ə qədər məktəb-muzeyi var. 30 Avropa dövləti arasında bu məsələdə liderliyi Almaniya tutur. Həmin ölkədə 100-dən çox belə muzey var.

O, əlavə edib ki, Azərbaycanda muzeylər və məktəblər arasında əməkdaşlıq haqqında müqavilələr imzalanır. Bunun da sayəsində muzey işçiləri məktəblərdə mühazirələr oxuyur, sərgilər təşkil edirlər, müəllimlər isə dərslərin müəyyən hissələrini muzeylərdə keçirirlər. Amma bu, kifayət deyil. Çünki bütün muzeylər məktəblərlə müqavilə bağlamır, bütün müəllimlər dərs keçmək üçün muzeyi seçmirlər. Digrə tərəfdən, belə tədbirlərin çoxu paytaxtda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti