...

TASIM informasiya magistralının sualtı seqmentinin tikintisinin yubanmasının səbəbi açıqlanıb

Cəmiyyət Materials 14 İyul 2014 11:48 (UTC +04:00)
Xəzərin statusunun həll olunmaması Trans Avrasiya super informasiya magistralının sualtı seqmentinin tikintisi layihəsini ləngidir.
TASIM informasiya magistralının sualtı seqmentinin tikintisinin yubanmasının səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Xəzərin statusunun həll olunmaması Trans Avrasiya super informasiya magistralının sualtı seqmentinin tikintisi layihəsini ləngidir. Bu barədə bazar ertəsi Trend-ə "KazTransCom" şirkətinin infrastruktur layihələri üzrə icraçı direktoru Aleksandr Kislitsın bildirib.

Onun sözlərinə görə, hazırda hələ də sərhədlərin keçilməsi üzrə problem mövcuddur və bu məsələ barədə hələ yekun qərar qəbul olunmayıb:

"Qazaxıstanın Xarici İşlər və Kommunikasiyalar nazirlikləri hesab edirlər ki, göstərilən məsələdə irəliləyişlərə nail olmaq mümkündür. Bizdə dəniz sərhədini maneəsiz keçməyə imkan verən hüquqi ehtiyatlar mövcuddur. Beştərəfli sazişə [Xəzərin statusu üzrə] gəldikdə, ona hələ indiyədək nail olunmayıb. Məhz hüquqi praktikada presedent ola biləcəyini hesab edən hüquqşünasları təşvişə salan budur".

Kislitsının sözlərinə görə, yaxın aylarda Xəzərin göl və ya dəniz olduğunu müəyyən etmək üçün toplaşacaq beş Xəzəryanı ölkənin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasının keçiriləcəyi gözlənilir:

"Onların qəbul etdikləri qərardan asılı olaraq bizim hansı yolla gedəcəyimiz aydın olacaq".

Lakin Kislitsının sözlərinə görə, qarşılıqlı anlaşma memorandumunun imzalanmasından (2013-cü ilin dekabrında) sonrakı son altı ay ərzində əldə olunan müəyyən irəliləyişlər mövcuddur.

"KazTransCom" şirkətinin infrastruktur layihələri üzrə icraçı direktorunun fikrincə, o vaxtdan bəri Qazaxıstanda layihənin sürətlə irəliləməsinə imkan verən informasiya fonu yaxşılaşıb:

"İnformasiya fonunun yaranması bu layihə barədə çox şey bilməyə imkan verir. Bir çoxları Azərbaycan və Qazaxıstanın əlaqələri ilə maraqlanmağa başlayıblar. Odur ki, ictimai fikir yaranmadan biz bilavasitə son istifadəçiyə yönələn bu layihəni reallaşdıra bilmərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti