...

Beyləqanın üç kəndinə içməli su veriləcək (FOTO)

Cəmiyyət Materials 14 İyul 2014 15:36 (UTC +04:00)
“Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcəkdir.
Beyləqanın üç kəndinə içməli su veriləcək (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

"Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi" çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcəkdir.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 20 mindən artıq insanın su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasını, eyni zamanda rayon mərkəzində yeni kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur.

İcrasına 2012-ci ilin oktyabrında başlanılan layihə üzrə işlərin böyük hissəsi yerinə yetirilmişdir. Belə ki, Beyləqan şəhərini içməli su ilə təmin etmək üçün Əlinəzərli kəndi yaxınlığında 5 ədəd subartezian quyusu qazılmış və buradan şəhərə qədər 8,6 km uzunluğunda magistral su xətti çəkilmişdir. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarının, xlorator binası və nasos stansiyasının tikintisi isə davam etdirilir.

Əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə 91 km planlaşdırılan şəhərdaxili su şəbəkəsinin 75 km-lik hissəsində işlər tamamlanmış, 4200 ev birləşməsi verilmiş və işlər davam etdirilir. Növbəti mərhələdə bütün abunəçilər ön ödənişli smart-kart sayğaclarla təmin olunacaqdır. Layihə çərçivəsində şəhərin müxtəlif küçə və məhəllələrində 285 ədəd yanğın hidrantı da quraşdırılıb.

Şəhərdə yaranan tullantı sularının optimal idarəedilməsi məqsədi ilə tikintisi nəzərdə tutulan 89 km uzunluğunda kanalizasiya xəttinin 72 km-lik hissəsində işlər başa çatdırılıb, 2 minə yaxın baxış quyusu tikilmişdir. Su və kanalizasiya şəbəkələrinin tikintisi cari ilin sonunda başa çatdırılacaq.

Layihənin növbəti mərhələsində tutumu 1000 kubmetr olan su anbarı və sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcəkdir.

Qeyd edək ki, Beyləqan şəhərində su və kanalizasiya sistemləri 1980-ci illərdə yaradılıb. Hazırda şəhər sakinlərinin təqribən 30 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyir. Yeni layihənin icrası tam başa çatdıqdan sonra şəhər və ətraf 3 kəndin əhalisi, həmçinin bu ərazidə məskunlaşmış məcburi köçkünlər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti