...

Danimarkada iftar süfrəsində İŞİD-ə qarşı Kərkük türkmənlərinə dəstək çağırışı səslənib (FOTO)

Cəmiyyət Materials 15 İyul 2014 12:23 (UTC +04:00)
Danimarkadakı türk cəmiyyətləri iftar yeməyində bir yerə toplanıblar.
Danimarkada iftar süfrəsində İŞİD-ə qarşı Kərkük türkmənlərinə dəstək çağırışı səslənib (FOTO)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Danimarkadakı türk cəmiyyətləri iftar yeməyində bir yerə toplanıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Danimarkada fəaliyyət göstərən Azərbaycan Evində Vətən Cəmiyyəti tərəfindən təşkil olunmuş iftar yeməyində bir sıra türk və Kərkük türkmənləri cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.

İraqda türkmənlərin İŞİD (İraq Şam İslam Dövləti) terrorçuları tərəfindən zorakılığa və işğala məruz qalması səbəbindən sönük keçən iftar süfrəsi zamanı İraqda qətlə yetirilmiş türkmənlərin ruhuna dualar oxunub və türk cəmiyyətləri bu məsələdə birlik nümayiş etdirməyə çağırılıb. Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi türk cəmiyyətlərinin artıq birlikdə hərəkətə keçməsinin zamanı gəldiyini bildirib: "Bu gün İraqda türkmən qardaşlarımızın öldürülməsi tək türkmənlərin deyil, bütün türk dünyasının faciəsidir. Biz Qarabağda belə bir qətliamı yaşadığımız üçün türkmən qardaşlarımızın dərdini duya bilirik. Mən bütün türk dövlətlərini İraqdakı qardaşlarımıza yardım etməyə çağırıram".

Cəmiyyətin sədr müavini Zahir Qubadov da diqqəti İraqdakı hadisələrə yönəldib: "Biz bu gün iftar yeməyində bir araya gəlsək də, sevincimiz tam deyil, ürəyimiz İraqdakı türkmən qardaşlarımızın yanındadır".

İftar yeməyində iştirak edən cəmiyyətin digər üzvləri Fərqanə Mirzəliyeva, cərrah Aybəniz Murtuza isə Danimarka kimi bir ölkədə türklər, türkmənlər və azərbaycanlıların bir araya toplanmasından məmnunluq duyduqlarını, bu ölkədəki bütün türk xalqlarının əl-ələ verərək böyük bir gücə çevrilmələrinin vacibliyini vurğulayıblar.

Türk Federasiyasının təmsilçiləri də azərbaycanlı və türkmənlərə hər zaman dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

İftar yeməyində Skandinaviya Türk Federasiyasının sədr müavini Erol Özer, Kopenhagen Ülkü Ocaqlarının sədri Vural Öztürk, Türkmən Təfəkkür Cəmittəyinin sədri Yurtan Karvançı, Türkmənlərin Avropa təmsilçisi Məhəmməd Səməd, Skandinaviya Xəbər Agentliyinin redaktoru Ünsal Turan və başqa türk cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti