...

Keçmiş prezidentlər Avropadakı münaqişələrin həlli ilə bağlı xüsusi toplantı keçirəcək

Cəmiyyət Materials 7 Avqust 2014 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu sentyabrın 4-7-də Andorrada Ali Səviyyəli Təşəbbüsün əsasının qoyulması üçün xüsusi toplantı təşkil edəcək.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun bu təşəbbüsünün əsas məqsədi Avropa məkanında mövcud olan qeyri-sabitlik və münaqişələr, qərarvermə və nizamlama prosedurlarındakı problemlərin həll olunmasıdır.

Toplantının məqsədi eyni zamanda, dondurulmuş münaqişələrin həlli istiqamətində fəallığın artırılması, habelə yaranmaqda olan münaqişələrin qarşısının innovativ metodların tədbiqi ilə alınmasıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzini yaydığı məlumatda isə bildirilir ki, Avropa məkanında baş verən münaqişələr mövcud təhlükəsizlik prosedurlarında islahatlar aparılmadıqca Avropada sülh və sabitliyin mümkünsüz olduğunu göstərdi. ATƏT-də əsas oyunçular arasında bir-birinə olan inamsızlıq və əks mövqe Avropa və onun sərhədlərindən kənarda da fəlakətli nəticələrə səbəb olur. Qeyd edilir ki, Nizami Mərkəzi ilə Madrid Klubunun təşəbbüsü Helsinki Yekun Bəyənnaməsinin 40 illiyinə təsadüf edir və bu tədbirin həyata keçirilməsi ilə Yeni Avropanın Paris Əsasnaməsi (1991), Avropa Təhlükəsizliyi üzrə İstanbul Nizamnaməsi (1999) və Astana Sammitinin Bəyənnaməsindən (2010) sonra daha geniş Avropa məkanı anlayışında təhlükəsizlik və stabilliyin bərpa olunması üçün mühüm addımlar atılacaq.

Toplantıda Helsinki Yekun Aktına aid olan ölkələrin nüfuzlu ictimai-siyasi xadimləri - Latviya Respublikasının sabiq Prezidenti xanım Vaira Vike-Freiberga, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku iştirak edəcək. Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanov, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesic, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin də tədbirdə iştirakı gözlənilir. Bundan başqa, tədbirdə Finlandiyanın sabiq Prezidenti xanım Tarja Halonen, Liviyanın sabiq Baş naziri Abdurrahim El-Keib, Karneqi Mərkəzinin vitse-prezidenti Mark Mediş, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, İsveç Yardım Fondunun sabiq rəhbəri Valter Füst, Türkiyə Respublikasının sabiq xarici işlər naziri, Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin, İspaniyanın sabiq xarici işlər naziri Karlos Vestendorp və digər nüfuzlu şəxslərin də iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bu tədbir 2015-ci il Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq üçün ilk toplantıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti